Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa ölkəmizə səfərə gələn məşhur rumın şairi və ictimai xadimi Ana Blandiana ilə görüşüb. Görüşdə Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soaren, Azərbaycan Yazıçılar Birliyinin (AYB) beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair-tərcüməçi Səlim Babullaoğlu və AYB üzvü, tərcüməçi Jalə İsmayıl iştirak edib.

Azərbaycan-Rumıniya mədəni əlaqələri və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu görüşdə ədəbiyyat, sənət mövzusunda ətraflı fikir mübadiləsi aparılıb. Belə görüşlərin iki ölkənin  ədəbiyyatının, mədəniyyətinin qarşılıqlı təbliği üçün faydalı olacağını vurğulanıb.

Ana Blandiana "İndi mən sənə ibadət edirəm" şeirlər kitabını komitə sədri üçün imzalayıb.

Fazil Mustafa qonağa xarıbülbül işləməli hədiyyə bağışlayıb və öz kitabını onun üçün imzalayıb.

***

Ana Blandiana tanınmış şair, yazıçı, ictimai xadim və insan haqları müdafiəçisidir.  1942-ci ildə Rumıniyanın Timişoara şəhərində anadan olub. Din xadimi olan atası George Koman kommunist rejimi tərəfindən repressiyaya məruz qalıb, dəfələrlə həbsxanaya salınıb, 1964-cü ildə sonuncu həbsdən azad olunandan sonra dünyasını dəyişib.

Ana Blandiananın əsərləri kommunist diktator Nikolae Çauşesku rejimi tərəfindən dəfələrlə qadağan edilib, özü və yaxınları təqib olunub. O, “Birinci şəxsin cəmində”, “Üçüncü sirr”, “50 şeir”, “Oktyabr, noyabr, dekabr”, “İşıldaquş gözləri”, “Qum saatı”, “Ölümdən sonrakı səhər”, “Günəşdən sonra” və başqa şeir kitablarının, “Güzgülü dəhlizlər”, “Olmaq və görünmək”, “Ədəbiyyat qorxusu” kimi esse və hekayə kitablarının müəllifidir. Əsərləri 30-dan artıq dilə çevrilib.

1990-cı ildə Rumıniya PEN Mərkəzini yaradan Ana Blandiana hazırda bu qurumun fəxri başqanıdır. 1993-cü ildə həyat yoldaşı yazıçı Romulus Rusanla (2016-cı ildə vəfat edib) birlikdə Sigetu Marmatsia şəhərində yerləşən, öncələr siyasi həbsxana kimi tanınan yerdə “Kommunizm Qurbanları və Müqavimət Memorialı”nı yaradıb.