Dekabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
ADPU-dan bildirilib ki, əvvəlcə universitetin foyesində Ulu Öndər Heydər Əliyevin abidəsi və “Zəfər guşəsi” ziyarət olunub. Sonra qonaqlar Pedaqoji Universitetin İncəsənət və fiziki tərbiyə fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olub, ADPU-nun Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Əfruz Süleymanovanın dirijorluğu ilə ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin tələbə xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təhsilin və mədəniyyətin inkişafındakı mühüm rolundan söz açıb. Qeyd edib ki, Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin arasında çoxlu sayda ADMİU məzunu var. Regionda nüfuzlu ali təhsil ocağı olan ADMİU-nun yetirmələri hazırda Azərbaycanla yanaşı, ölkəmizdən kənarda da uğurla fəaliyyət göstərirlər.
Rektor vurğulayıb ki, Prezident İlham Əliyevin universitetin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı ADMİU-nun fəaliyyətinə ali diqqətin təzahürüdür.
Pedaqoji Universitetlə Mədəniyyət və İncəsənət Universiteti arasındakı əməkdaşlıqdan bəhs edən professor Cəfər Cəfərov bu əlaqələrin günü-gündən daha da inkişaf etdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova göstərilən diqqətə və ali təhsil ocağının yubileyi ilə bağlı təşkil olunan tədbirə görə ADPU ailəsinə minnətdarlığını bildirib. Rektor qeyd edib ki, 2023-cü il yubileylər ilidir və belə bir əlamətdar ildə Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinin də qeyd edilməsi olduqca önəmlidir. Mədəniyyət və İncəsənət Universitetinin ölkəmizdə incəsənətin inkişafında mühüm xidmətləri olan ali təhsil ocağı olduğunu vurğulayan rektor ADMİU-da dövrün tələblərinə, milli mədəniyyətimizin inkişaf xətlərinə uyğun şəkildə innovativ tədris mühiti olduğunu vurğulayıb.
ADMİU-nun 100 illik fəaliyyəti haqqında videoçarxın nümayişindən sonra ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin müəllim və tələbələrinin ifasında geniş konsert proqramı təqdim edilib.