Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir, vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilir.
Mədəniyyət naziri Adil Kərimli iyulun 29-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbuldan öncə nazir Adil Kərimli və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Qəbul zamanı Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar, əsasən, işlə təmin olunma, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Mədəniyyət naziri vətəndaşları dinləyərək hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Qəbulda iştirak edən şəhid ailələrinin üzvləri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqət göstərilib, onların müraciətlərinə vaxtında baxılması məqsədilə qeydiyyat aparılaraq nəzarətə götürülüb.