Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Xalq artisti, professor Xuraman Qasımova müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin böyük şəxsiyyəti, müdrik siyasətindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə, incəsənət xadimlərinə böyük diqqət, qayğısını xüsusi vurğulayıblar.
Tədbir bədii hissə ilə davam edib. Gənc musiqiçilərin ifasında Nazim Əliverdibəyovun “Bayatı-şiraz”, Asəf Zeynallının “Muğamsayağı”, Üzeyir Hacıbəylinin “Sənsiz”, Fikrət Əmirovun “Mən səni araram”, Sevil Əliyevanın “Ana”, Cahangir Cahangirovun “Alagöz” əsərləri səsləndirilib.