Dekabrın 12-də Hüseyn Cavidin Ev-Muzeyində Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb. Öncə Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, Heydər Əliyev ömrünü xalqın yolunda sərf etmiş fenomenal bir dövlət xadimi, dəmir iradəsi ilə ən çətin anlarda belə geri çəkilməyən, xalqını öz arxasınca irəli aparmağı bacaran bir siyasətçi idi.

Ulu öndərin Hüseyn Cavid şəxsiyyətinə və yaradıcılığına xüsusi önəm verdiyini bildirən direktor  deyib ki, böyük şairi zəngin irsinin öyrənilməsi və təbliği ilə yanaşı, xatirəsinin əbədiləşdirməsi də Heydər Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində mümkün olub: “Xalqımızın bu iki dahi övladının əməlləri yaddaşlarda əbədi yaşayacaq. Cavid sevgisinin Ulu öndərimiz Heydər Əliyevdən onun uzaqgörən, müdrik davamçısı Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə ötürülməsi həm də Cavid eşqinin, Cavid nurunun sönməyəcəyinə dəlalət edir”.

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyasında Heydər Əliyevə həsr olunan nəşrlərdən ibarət sərgi ilə tanış olub və xatirə şəkli çəkdiriblər.