Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir.
Heydər Əliyevin keçdiyi ömür yoluna nəzər salıb bir çox məqamları vurğulamaq mümkündür. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Siyasi karyerası erkən başlayan, gənc yaşlarından mühüm dövlət vəzifələrində çalışan böyük şəxsiyyət topladığı zəngin təcrübə ilə mükəmməl bir idarəçi kimi yetişmişdi. Yüksək keyfiyyətləri sayəsində daha mötəbər mövqelərə yüksəlmiş, Azərbaycana rəhbərlikdən sonra Sovet İttifaqının rəhbərlərindən biri olmuşdur.
Heydər Əliyev ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, tarix və memarlıq abidələrimizin öyrənilməsi, muzeylərin rolunun artırılması və s. istiqamətlərdə məqsədyönlü siyasət həyata keçirmişdir. Daim mədəni irsimizə böyük həssaslıqla yanaşan və yüksək qiymətləndirən Ulu öndər Azərbaycan mədəniyyətini və incəsənətini, o cümlədən xalçaçılıq sənətini diqqət mərkəzində saxlamışdır. Heydər Əliyevin xalçaçılıqla bağlı bu fikirləri isə kəlama çevrilmişdir: “Xalçaçılıq sənəti Azərbaycan mədəniyyətinin bir hissəsidir. Xalçaçılıq xalq sənətidir. Xalçaçılıq sənəti hər bir azərbaycanlı üçün çox doğma, əziz sənətdir və hər bir azərbaycanlı öz həyatını xalçasız təsəvvür edə bilmir! Qədim dövrlərdən xalçaçılıq sənəti Azərbaycanda yaşayır və inkişaf edir. Azərbaycan xalçası öz gözəlliyi, keyfiyyəti ilə həmişə seçilmişdir”.
1983-cü ildə Heydər Əliyevin təşəbbüsü və UNESCO-nun təşkilati dəstəyi ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Şərq xalça sənəti" mövzusunda birinci beynəlxalq simpozium keçirilmişdir.
Ümummilli liderin diqqət və qayğısı sayəsində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi qısa müddət ərzində dünyada tanınmış, buraya elmi araşdırmalar aparmaq üçün dünyanın bir çox yerindən xalçaçı-alimlər gəlməyə başlamışdır. Mütəxəssislər Xalq rəssamı, sənətşünas Lətif Kərimovun rəhbərliyi ilə respublikamızın bölgələrini qarış-qarış gəzib ekspedisiyalarda iştirak etmiş, ən gözəl xovlu və xovsuz xalça və xalça məmulatlarını, xalçaçılıq alətlərini və s. dəyərli sənət nümunələrini toplayıb onların toxunma texnikasını, boyanma prosesini, xalçaçılıqla bağlı adət-ənənələri, mərasimləri öyrənmişlər.
Heydər Əliyev xarici ölkələrə rəsmi səfərlərə getdiyi zaman çox vaxt tariximizi, mədəniyyətimizi yaşadan, xalçaçılıq sənətində öz dünyasını yaradan Xalq rəssamı Kamil Əliyevi də özü ilə aparar, onun müəllifi olduğu portret xalçanı getdikləri ölkənin dövlət xadiminə bağışlayardı. Mədəniyyətimizin mahir bilicisi və böyük himayədarı Kamil Əliyev haqqında deyirdi: “Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaq və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerlərini tutacaqdır".
Qeyd edək ki, 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin illərdə Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. O, 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini işləmişdir. 1992-ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis olunmuş, Heydər Əliyev partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalqımız Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxmışdır. Azərbaycanın o zamankı rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur olmuşdular.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkəmizin gələcək inkişafının möhkəm təməllərini qoymuş, bütün sahələrdə canlanma yaranmışdır.
2003-cü ilin 12 dekabrında Ümummilli lider Heydər Əliyevin vəfatı onun doğmaları, yaxınları ilə bərabər çox sevdiyi xalqını da dərin bir kədərə qərq etmişdir. Xalq müstəqil Azərbaycanın qurucusu, ölkəni fəlakətlərdən, xaoslardan qurtaran güclü lider, dünya şöhrətli bir siyasətçisini itirmişdi. Xalqımız 12 dekabr tarixini Heydər Əliyevin anım günü kimi böyük minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir.
Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Ulu öndərin əmanət qoyub getdiyi ideyaların təntənəsidir.
Leyla Zeynalova
Azərbaycan Milli Xalça Muzeyinin elmi işçisi