Dekabrın 11-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Ümummilli liderin anım gününə həsr olunmuş tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbir dahi siyasətçinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mədəniyyət nazirinin müavini Həsən Seyidov giriş nitqində Ulu öndərin keçdiyi məsuliyyətli və şərəfli yolun, apardığı mübarizənin, qazandığı nailiyyətlərin hər birimiz üçün qürur mənbəyi, məktəb olmasından bəhs edib, əbədiyaşar liderin mədəniyyətimizin inkişafı sahəsində müstəsna xidmətlərindən danışıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndərin siyasətinə, onun  ideyalarına sadiqlik nümayiş etirərək dövlətimizi tarixinin ən qüdrətli dövrünə, xalqımızı böyük Qələbəyə yetirib.

Tədbir Heydər Əliyev Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyevin “Ümummilli lider Heydər Əliyev və qalib Azərbaycan” mövzusunda çıxışı ilə davam edib. Vurğulanıb ki, fenomenal şəxsiyyət harada, hansı vəzifədə çalışmasından asılı olmayaraq hər zaman milli maraqları üstün tutur, SSRİ dövründə gələcəyin müstəqil dövlətinin təməlini yaradırdı.

Sonra tədbir iştirakçıları dünya şöhrətli siyasətçinin xalqımız və dövlətçiliyimiz qarşısındakı müstəsna xidmətlərindən bəhs edən “Xalqa bağışlanan ömür” filmini izləyiblər.

Anım tədbiri muzeyin ekzpozisiyasına baxışla sona çatıb.