Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) ssenari laboratoriyası nəzdində ssenarinin inkişaf proqramı yaradılıb. Dekabrın 11-də Nizami Kino Mərkəzində sözügedən proqram çərçivəsində film layihələri müsabiqəsinin inkişafına yönləndirilmiş ssenarilərin ilkin dinləmələri keçirildi.

Dinləmələr tanınmış türkiyəli kinorejissor və ssenarist, Berlin Film Festivalının qalibi  Semih Kaplanoğlu tərəfindən həyata keçirilir.

Əvvəlcə ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu, müsabiqənin bədii şurasının üzvü, yazıçı-dramaturq İlqar Fəhmi və Semih Kaplanoğlu iştirakçılarla görüşdü, mətbuat nümayəndələrinə dinləmələrin gedişi ilə bağlı məlumat verdilər.

Orxan Fikrətoğlu diqqətə çatdırdı ki, inkişaf proqramına göndərilmiş layihələr üzrə bu gün ARKA-nın ssenari laboratoriyasında ilk iş günüdür: “Düşünürük ki, yeni istehsalat sistemində yaranacaq yeni Azərbaycan kinosunun ssenari modeli olaraq ilkin rüşeymlərini məhz bu laboratoriya cücərdəcək. Semih bəy dünya vizual mədəniyyəti dilində danışmaq bacarığını sizlərlə bölüşəcək”.

İlqar Fəhmi layihələrin təkmilləşdirilməsi, ssenari yazılışının qaydaları, prodüser sənətinin incəliklərinin öyrədilməsinin vacibliyini qeyd etdi.

Semih Kaplanoğlu layihə və sinopsislərin təqdiminin incəlikləri, müasir dünya kinosunda tələblər və ssenari üslubu ilə bağlı fikirlərini bölüşdü. Bildirdi ki, bu gün dünyada ən çox maliyyə ssenariyə ayrılır: “Ssenari ticari materialdır və bu, memarın layihəsinə bərabərdir. Burada hər hansı bir xətanın olması mümkün deyil. Həyatın ssenariyə qarışması mütləqdir”.

Çıxışlardan sonra film layihələri müsabiqəsinin inkişaf proqramına yönləndirilmiş ssenarilərin ilkin dinləməsi keçirildi.

L.Azəri