Ulu öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) anım mərasimi keçirilib.
İttifaqın sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə Ulu öndərlə bağlı xatirələrini danışıb. Bildirib ki, vaxtilə Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyevin təşəbbüsü ilə keçirilən klassik musiqi konsertlərində şəxsən iştirak edib və həmin konsertlərdə Heydər Əliyevin musiqi mədəniyyəti, Azərbaycan bəstəkarları və eyni zamanda, klassik musiqi irsi ilə bağlı fikirlərini dinləyib.
O, Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ABİ-nin həyata keçirdiyi tədbir və layihələrdən də söz açıb. Bildirib ki, ittifaq tərəfindən nəşr olunan “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabında Ulu öndərin musiqi mədəniyyətinə olan qayğısı, diqqəti, musiqiçilərlə görüşləri, Azərbaycan bəstəkarlarına etdiyi tövsiyələr əksini tapıb.
Qeyd edək ki, kitabın ideya müəllifi Firəngiz Əlizadə, tərtibçi-müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızıdır.
ABİ-nin katibi Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova da çıxışında Heydər Əliyevlə bağlı eşitdiyi xatirələrdən bəhs edib.
İttifaqın katibi Əməkdar incəsənət xadimi Cəlal Abbasov və digər çıxış edənlər dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anıblar.