2013-cü ildə Azərbaycanın UNESCO-ya müvafiq təqdimatı əsasında təşkilatın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən çövkən oyunu üzrə artıq on ildir Prezident kuboku yarışları keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin (2018-ci ildən Mədəniyyət Nazirliyi) təşəbbüsü və dəstəyi ilə əsası qoyulan yarışlar son illərdə Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə gerçəkləşir.

Prezident kuboku uğrunda növbəti yarış 15–24 dekabr tarixlərində Binə Atçılıq Mərkəzində keçiriləcək.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, yarışda “Sərhədçi-Dilbaz”, “Şirvan”, “Sərhədçi-Qarabağ”, “Zəfər”, “Polad”, “Embavood”, “Köhlən” və “Omar” çövkən komandaları iştirak edəcək.

Səkkiz kollektiv əvvəlcə hərəsində dörd komanda olmaqla iki qrupda mübarizə aparacaq. Qrup oyunlarının nəticələrinə əsasən, ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər.