Orta əsrlərdə yaranan xəttatlıq sənəti incəsənətin bir növü olmasa da, ayrıca sənət qolu kimi daim inkişaf edib. Bu sənətin bənzərsiz nümunələrini yaradan xəttatlarımızdan biri Mirzə Cəfər Təbrizi olub. Görkəmli sənətkarın üzünü köçürdüyü əsərlər Parisdən Sankt-Peterburqadək məşhur kitabxana və muzeyləri bəzəyir.
Mirzə Cəfər Əli oğlu Təbrizi 1415-ci ildə Təbriz şəhərində dünyaya göz açıb. Erkən çağlardan sənətə böyük maraq göstərib. Valideynləri onu görkəmli xəttat Zərrinqələm Təbrizinin yanına aparırlar. Ustad sənətkar əvvəlcə Cəfərin əl işlərinə baxır. İstedadlı gənc olduğunu görür və yanında saxlayır. O, burada xəttatlığın sirlərini dərindən öyrənir. İllər bir-birini əvəz etdikcə Cəfərin təcrübəsi artır. Nəstəliq, təliq və süls xətlərinin ustad bilicisi kimi tanınır.
Sənətinin şöhrəti gedib saraya da çatır. Əmir Teymurun o zaman Azərbaycanda hökmdarlıq edən oğlu Miranşah onu saraya dəvət edir. Cəfər sarayda özünü ustad sənətkar kimi göstərir. Bir müddət sonra onu digər xəttatlarla birlikdə Herata – Əmir Teymurun digər oğlu Şahruxun sarayına aparırlar. Onun xüsusi istedadını orada da görürlər. Sarayda kiçik bir kitabxana-emalatxanaya rəhbər təyin edilir.
Şahruxun oğlu Baysunqur Cəfərlə çox maraqlanır və onu himayə edir. Qırx xəttatla səhərdən axşamacan kitab üzü köçürən Cəfər Təbrizi tez-tez kitabxanada görülən işlər haqqında Baysunqura hesabat verir. Araşdırmalardan aydın olur ki, həmin hesabatlardan biri (1427) bu gün də İstanbuldakı Topqapı sarayının muzeyində saxlanılır. Hesabatda kitabxananın fəaliyyətinin təsviri ilə birlikdə 18 miniatürçü, xəttat, cildçi, tərcüməçi və qızıl suyu ilə işləyən usta və digərləri haqqında səhih məlumatlar yer alıb.
Cəfər Təbrizi fitri istedadı və böyük təcrübəsi sayəsində iki məşhur xətt növünü – “nəsx” və “təliq” xətlərini sintez edərək nəstəliq xəttini yaradır. Bu xətt növü sonralar “İslam xətt növlərinin gəlini” adlandırılır. Cəfər Təbrizi ustad xəttat kimi Xorasan və Türküstanda böyük şöhrət qazanır...
A.Qazıyev araşdırmasında yazır ki, Cəfər Təbrizi o zaman təzə ortaya çıxan nəstəliq xəttinin formalaşması üçün böyük iş görür. Yazı üsullarının yaşadılması naminə istedadlı gənclərdə bu sənətə maraq oyadır, onlara sənətin sirlərini öyrədir. Araşdırmalarda o da qeyd edilir ki, C.Təbrizi nəstəliq ustası kimi tanınmasına baxmayaraq, klassik xətlərlə də məşğul olur. O dövrdə nəstəliq yazısının iri, həm də xırda növləri olub. İri nəstəliq adətən qitə üzərində yazılıb. Bu, üzərində üç dünyəvi məzmunlu nəzm nümunələri yazılan və naxışlarla bəzədilən kağız vərəqin karton üzərinə yapışdırılması ilə düzəldilir. Kiçik və orta nəstəliqlə bir qayda olaraq poetik əsərlərin əlyazma nüsxələri köçürülüb. Kiçik nəstəliq yazısı XV əsrin ikinci yarısında Heratda özünün daha mükəmməl formasını alıb. Yerli xəttatları bunun sonralar “Herati” adlanan xüsusi növünü yaradırlar. Həmin xətt növünün yaradıcısının da Cəfər Təbrizi olduğu qeyd edilir.
Şərqdə məşhur xəttat kimi tanınmış Əzhər Təbrizi də nəstəliq xəttini ondan öyrənib. Cəfər Təbrizi Baysunqurun sarayında çalışdığı dövrdə bir sıra kitabların – Sədi Şirazinin “Gülüstan”, Əbülqasım Firdovsinin “Şahnamə”, Nizami Gəncəvinin “Xəmsə”sinin üzünü köçürüb. Həmin nüsxələr Paris, Dublin, Tehran, İstanbul və Sankt-Peterburqun kitabxana və muzeylərində saxlanılır.
Görkəmli xəttat həm də şair kimi tanınıb. Söz yox ki, onun şairlik təbi xəttatlıq əsərlərinə də öz təsirini göstərib. Baysunqurun ölümünə yazdığı mərsiyə, Şahruxun sarayında çalışarkən yazdığı müxtəlif məzmunlu şeirləri zamanın sınaqlarından çıxıb.
Cəfər Təbrizi 1480-ci ildə, 65 yaşında Herat şəhərində vəfat edib.
S.Fərəcov