Dekabrın 16-dan 30-dək “QGallery” Bakı Rəssamlıq Qalereyasında konseptual heykəltaraş və rəssam Bütünay Haqverdiyevin “Yarımada gündəliyi” adlı fərdi sərgisi keçiriləcək.

“Yarımada gündəliyi” sərgisi Abşeronun sənədli xronologiyası, Abşeron kəndlərinin mənzərəsinin “fotoyaddaş”ıdır.

Bütünay Haqverdiyevin əl işlərini qeyri-adi enerji və emosional zənginlik fərqləndirir. Onun rəsmlərində hərə özünəməxsus olan nəyisə tapır. Azərbaycanın tanınmış təsviri sənət ustası Ucal Haqverdiyev (1960-2004) və rəssam Yelena Haqverdiyevanın oğlu sanki öz tamaşaçısını uşaqlıq aləminə aparır. İrəlidə yalnız cəsarətli arzular var və adama elə gəlir ki, bu arzulara çatmaq üçün heç bir maneə yoxdur.

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Moskvada Britaniya Ali Dizayn Məktəbində sənət təhsili alan B.Haqverdiyev bir neçə kollektiv sərgidə, o cümlədən 55-ci Venesiya biennalesində iştirak edib.