Azərbaycan Dövlət Kukla Teatrının heyəti 11–16 dekabr tarixlərində keçirilən XX Bursa Beynəlxalq Qaragöz Kukla və Kölgə Oyunları Festivalında iştirak edir.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Bursa Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə gerçəkləşən festival TÜRKSOY təşkilatının 30 illiyi münasibətilə türkdilli ölkələri bir araya gətirib. Sənət bayramında Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın kukla və uşaq teatrlarının tamaşaları göstərilir. Həmçinin UNİMA (Beynəlxalq Kukla Teatrları Assosiasiyası) üzvü 10-dək ölkənin kukla teatrı mütəxəssisləri festivala qatılıb.
Kuklaçılarımız 13 dekabrda “Məlikməmməd” tamaşasını göstəriblər. Birhissəli uşaq tamaşasının (Azərbaycan dilində) səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.
Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşa uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılayır. Məlikməmməd cəsur, qəhrəman, xeyirxah bir obrazdır. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Simurq quşunun köməyilə işıqlı dünyaya çıxır. Rejissor tamaşanı Vətən müharibəsində tarixi Zəfərimizlə əlaqələndirərək nağıla fərqli prizmadan baxmağa çalışıb.
Musiqi tərtibatında Fikrət Əmirovun əsərlərindən istifadə olunan kukla tamaşasının yeni quruluşda premyerası 2022-ci ilin sentyabrında olub.