Dekabrın 15-də Bakıda növbəti musiqi bayramı – Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı başlanır.

Layihənin ideya müəllifi və bədii rəhbəri Əməkdar artist Ramil Qasımov festivalın təşkilinə görə Mədəniyyət Nazirliyinə və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edib ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının layihəsi olan festival bu il yeniliklərlə yadda qalacaq. İlk dəfə Azərbaycan bəstəkarlarının klassik vokal üslubunda yazılan yeni əsərləri təqdim olunacaq. Bu təqdimatlar Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə reallaşacaq.

Festivalın konsertləri Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Kamera və Orqan Musiqisi Zalında, Bakı Musiqi Akademiyasının Opera studiyasında, Milli Konservatoriyada və digər məkanlarda keçiriləcək. Həmçinin Gəncə Dövlət Filarmoniyasında, Naxçıvandakı Heydər Əliyev Sarayında, Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayında konsertlər olacaq. Festival çərçivəsində konfrans və ustad dərsləri də nəzərdə tutulub.

Dekabrın 20-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Bülbül vokal məktəbi” adlı konsert təşkil olunacaq.  Azərbaycan professional vokal sənətinin banisi Bülbülün xatirəsinə həsr olunacaq gecədə klassik operalardan incilər səslənəcək.

Festivalın təntənəli bağlanış mərasimi 22 dekabrda Heydər Əliyev Mərkəzində keçiriləcək. “Viva Puççini” adlı gecədə C.Puççininin operalarından parçalar səsləndiriləcək.