Səttar Bəhlulzadənin Əmircandakı ev-muzeyində

 

Dolanbac kirəmidli küçələr dəmir darvazalı həyətə aparır. Həyətə girən kimi solda əncir, irəlidə pilləkənlə üzbəüz ətrafa qol-qanad atmış tut ağacı... Ona doğma olan bu həyətdə o vaxt bu ağaclar da var idimi? Demək çətindir. Amma ikinci mərtəbəyə qalxan bu pilləkən o vaxt da olub. Doğrudur, məhəccərləri, pillələrin üzlükləri indi daha müasirdir. Amma ev elə həminkidir...

O, bu həyətdə dünyaya salam verib, ilk dəfə bu həyətdə üst-başını toz-torpağa batırıb, uşaqlığını bu həyətdəki ağacların dibində itirib...

Hər səhər etüd çantasını əlinə götürüb bu pilləkənlərlə düşərək Xəzərin qayalara, qumlu sahillərə çırpılıb qayıdan sularını, şahə qalxan dalğaları doyunca seyr edib. Təkcə bu yerlərə layla çalan mavi Xəzəri yox, gül-çiçəkləri, bağ-bağçaları, dağları, qayaları, ətrafda nə varsa, hər şeyi. Axşamlar qayıdıb gələndə bu pilləkənlərlə evə qalxıb. Sonra onları arıq, uzun barmaqları ilə kətan üzərinə köçürüb. Mahir fırça ustasının yaratdığı ecazkar tablolar ona tamaşa edən hər kəsi heyran edib.

Xalq rəssamı Salam Salamzadə bu fikri necə də gözəl ifadə edib: “Səttarın tabloları Azərbaycan haqqında, onun gözəlliyi, zərifliyi, bərəkətliliyi haqqında həmişə təravətini saxlayan nəğmədir...”.

 

Salam, Səttar dünyası!

 

İçəri qədəm basan kimi fırça ustasının siqaret çəkdiyi yerdə portreti asılıb. Sağ tərəfdə Pyotr Sabsayın müəllifi olduğu büstü, dostları, sənət yoldaşları ilə birgə çəkdirdiyi, eləcə də Moskvada təhsil aldığı illəri əks etdirən fotoşəkillər, rəssamın çəkdiyi mənzərələrin reproduksiyası, natürmort və qrafik işləri nümayiş olunur.

“Bu şəkildə Səttar babanın rəssam dostu Oqtay Sadıqzadənin bağ evinin divarı əks olunub. Ondan başqa Nəcəfqulu İsmayılov və Kamil Xanlarovun bağ evinin divarına da rəsm çəkib. Təəssüf ki, həmin rəsmlər divara çəkilib. Əgər onları kətan üzərində çəkmiş olsaydı, onun sənət xəzinəsində indiyədək yaşayardı”, – deyə Səttar Bəhlulzadənin Ev-Muzeyinin direktoru Pərzad Abdinova AZƏRTAC-a məlumat verir.

Pərzad Abdinova rəssamın bacısının nəvəsidir, ona nənəsinin adını veriblər. Səttar Bəhlulzadənin əsərləri mövzusunda elmi iş müdafiə edib, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Səttar Bəhlulzadə anası Hökümə xanım və bacısı Pərzadla birlikdə ömrünün sonunadək bu evdə yaşayıb.

 

Birinci otaq

 

Burada hər şey onu xatırladır. Şkafda Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, impressionizmin banisi hesab olunan Səttar Bəhlulzadənin Azərbaycanın müxtəlif guşələrindən topladığı minerallar, daşlar, balıqqulaqları onun çox sevdiyi yadigarlardır. Onların hamısını öz əlləri ilə toplayıb, çünki o, bu torpağın, onun bəxş etdiyi gözəlliklərin vurğunu, məftunu idi.

Rəssamın qələmə aldığı gündəlikdə də bu barədə maraqlı fikirlər var: “Bu böyük bir aləmdir, özü də nağıldır, əfsanədir, bəlkə də röyadır, doğrudan da, Azərbaycan torpağı bir əfsanədir, bir röyadır”.

Torpağı, onun gözəlliklərini sevmədən bu əsərləri necə yaratmaq olar?!

 

İkinci otaq

 

İkinci otaq rəssamın emalatxanasıdır. Əslində, o öz əsərlərinin böyük bir hissəsini Nərimanov rayonundakı bazarın yanında, sonralar isə İnşaatçılar prospektindəki Rəssamlar evində yaradıb.

Tən ortada molbert qoyulub, palitra, fırçalar, boyalar, etüd çantası... Dünyanın nəhəng sərgi salonlarını Qahirə, Vyana, Berlin, Paris, Neapol, Monreal, Havana, Nyu-York, Moskva, Minsk, Bonn, İstanbul, Tiflis, Praqa və digər şəhərlərdə nümayiş olunan əsərlər məhz bu fırçaların, rənglərin vasitəsilə yaradılıb.

Sənətşünas Mürsəl Nəcəfov rəssamın əsərlərinə dəyər verərək deyib: “Bəhlulzadə sehrli fırçası ilə doğma diyarımızın gözəlliklərini – çiçəkli bağlarını və bərəkətli düzənlərini, başıqarlı dağlarını və sıldırım qayalarını canlandırır. Xalq rəssamının yüzlərlə mənzərəsində qaynar bir həyatın nəbzi duyulur. Bəhlulzadənin mənzərələri – gözəlliyin rəmzidir. Bu gözəlliyi seyr etdikcə insanın ürəyi fərəhlə döyünür, insan yaşamaq istəyir...”.

Bir az küncdə dördkünc yazı stolu, güldan, ev əşyaları, kompozisiyalarda istifadə etdiyi etnoqrafik əşyalar, mis qablar, radioqəbiledici...

Bu radioqəbuledicidə fırça ustası kimlərə qulaq asıb, hansı musiqiləri dinləyib?

 

Üçüncü otaq

 

Növbəti yataq otağıdır. Hər axşam məşhur rəssamın ata ocağındakı yataq otağı gərgin iş günündən sonra onun yaradıcılıq axtarışlarına və romantik duyğularına qanad açıb.

Deyirlər ki, Səttar Bəhlulzadə “Neft Daşları”nda olarkən neftçilər onun dəfələrlə gün çıxmamışdan estakada üzərində oturub işlədiyini görəndə bir-birindən soruşurmuşlar: “Görəsən, bu rəssam nə vaxt yatır?”.

Yataq otağında rəssamın yaşadığı illərdəki mebel, avadanlıq, televizor, ümumi mühit olduğu kimi qorunub saxlanılıb. Pəncərə önündə patefon və üzərində Xalq artisti Gülağa Məmmədovun ona bağışladığı plastinka...

 

Dördüncü otaq

 

Yataq otağından sonra qonaq otağı gəlir. Burada da stol, stul, kreslo, şkaflar eynən məşhur rəssamın öz dövründə olduğu kimi saxlanılıb. Ona bağışlanan kitablar, əşyalar, divarlardan asılmış portretlər, televizor zamanın qanadlarını qıraraq adamı rəssamın yaşadığı dövrə aparır.

Bu otaq yəqin ki, onun ən xoş, sevincli günlərinin şahididir. Gələnləri həmişə burada qarşılayıb, bu stullarda əyləşib, onlarla həmsöhbət olub. Özünün neçə ad gününü dostları, sənət yoldaşları ilə bərabər hər cür dəbdəbədən uzaq bu otaqda keçirib. Doğma övladı kimi sevib əzizlədiyi bacısı oğlu Rəfaelin 15 yaşını qohum-əqrəba, dost-tanışla birlikdə burda qeyd edib.

 

Zal

 

Ev-muzeyində kiçik otaqların qarşısındakı zalda Səttar Bəhlulzadəyə göndərilən məktublar, rəssamın əsərlərindən ibarət müxtəlif dillərdə dərc olunan kataloqlar, nəqliyyat vasitələrinə, elektrik qatarına minmək üçün istifadə etdiyi biletlər, öz əlləri ilə yazdığı gündəlikdən səhifələr, sənət dostu Maral Rəhmanzadə, kimyaçı professor Həbib Məmmədəliyev, partiya işçisi Pyotr Yelistratov və sənətşünas Qriqori Anisimovun ona ünvanlanan məktubları, həmkarları Mikayıl Abdullayev və Tahir Salahovun təbrik teleqramları, rəssamın fərdi sərgisinə dəvətnamələr, şəxsi sənədləri və tarixi əhəmiyyət kəsb edən eksponatlar nümayiş etdirilir. Əlbəttə ki, yenə də etüd çantası, palitra və fırçalar...

Divarlarda “Mənim anam”, “Kəpəzin göz yaşları”, “Bazardüzü” və başqa məşhur əsərlərin reproduksiyası asılıb. Rəssam şəxsi gündəliyində yazırdı: “...Dağlar isə elə bil ki, məxmər xalçadır, üzərindəki bu rəngarəng güllər onun nəqşləridir. Şamaxıya qədər gedən yol boyunca dağlar və çiçəklər dəyişir və cürbəcür koloritə girir”.

 

Həmişə bizimlə qalan gözəllik

 

Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadə yaradıcılığı boyu çox əsərlər çəkib. Onun ayrı-ayrı fondlarda saxlanılanı da var, ev-muzeyində qorunanı da. Rəssam təxminən 1000-ə yaxın rəsm əsərinin bir hissəsini dost-tanışa bağışlayıb. Onun 18 əsəri Dövlət Rəsm Qalereyasında, 10-u Tretyakov Qalereyasında, 13-ü Şərq Xalqları Muzeyində, qalanları Milli İncəsənət Muzeyində saxlanılır. Bir hissəsi isə burdadır.

Ev-muzeyinin birinci mərtəbəsində divarda rəssam haqqında tanınmış şəxsiyyətlərin fikirləri əks olunub. Həmin fikirlərdən biri də Ulu Öndər Heydər Əliyevə məxsusdur: “Görkəmli sənətkarın adına bir rəssamlıq mərkəzi açmalıyıq. Səttar Bəhlulzadə muzeyi yaratmalıyıq. Doğrudur, onun yaşadığı evdə ev-muzeyi var. Bu, təbiidir və vaxtilə yaranıbdır. Biz onu qoruyub saxlamalıyıq. Amma mən muzey deyəndə Səttar Bəhlulzadənin əsərlərindən ibarət daimi muzeyin yaranmasını nəzərdə tuturam. Çünki rəssamın həm həyatı, həm də yaradıcılığı xalqımızın bu günü və gələcəyi üçün mənəviyyat mənbəyidir, məktəbidir. Xalqımızın estetik tərbiyəsini daha da gücləndirmək üçün Səttar Bəhlulzadənin əsərlərindən istifadə etməliyik. Ona görə də belə bir mərkəzin, belə bir muzeyin yaranması çox zəruridir”.

Muzeydən ayrılıb həyətə açılan dəmir darvazanı örtərək yenidən kirəmidli küçələrə çıxırıq. Səttar fırçasının yaratdığı gözəlliklər isə bizimlə qalır...

Süleyman Qaradağlı