Dekabrın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzi və Qurban Abbasov adına Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan ədəbiyyatında Məmməd Araz poeziyasının müstəsna rolu” adlı ədəbi-bədii tədbir keçirilib.

Suraxanı rayon Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbir Xalq şairi Məmməd Arazın (1933-2004) 90 illiyinə həsr edilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra görkəmli şairin həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, milli poeziyamızın inkişafına əvəzsiz töhfələr verən Məmməd Araz ədəbiyyat tariximizdə istiqlal şairi kimi tanınıb, vətənsevərlik ideallarının təbliğində xüsusi rol oynayıb.
Bədii hissədə şairin şeirləri səsləndirilib, sözlərinə bəstələnmiş musiqi nümunələri təqdim olunub.

Sonda qonaqlar Heydər Əliyev Mərkəzinin ekspozisiyası ilə tanış olublar.