Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Yaradıcı həftə” çərçivəsində Nizami Kino Mərkəzində “CulTech” (mədəniyyət sahəsində startaplar) və “GameTech” (oyun texnologiyaları) hakatonları (proqramçıların layihə marafonu) gerçəkləşib.
Ümumilikdə 70 nəfərin iştirak etdiyi “CulTech” hakatonu 48 saat ərzində intensiv şəkildə davam edərək 14 komandanın hazırladığı innovativ məhsulların təqdimatı ilə yekunlaşıb. Münsiflər heyəti tərəfindən həyata keçirilən dəyərləndirmə nəticəsində 3 qalib elan edilib. Birinci yerə “PixelPioneers”, ikinci yerə “EnchaTech”, üçüncü yerə isə “404” komandası layiq görülüb. Qaliblərə müxtəlif elektron cihazlar hədiyyə olunub.
Hakatonda iştirak edən ən yaxşı 5 ideyanın sahibi olan komandalar isə “CulTech” istiqaməti üzrə təşkil olunacaq inkubasiya proqramına dəvət ediləcəklər. Bu hakatonun məqsədi kreativ sektorda olan problemlərə innovativ həll yolları tapmaq idi.
“GameTech” hakatonuna 49 nəfərdən ibarət 18 komanda iştirak etmək üçün müraciət edib və onlar 48 saat ərzində bu sahədə ixtisaslaşmış mentorların dəstəyi ilə yaradıcı və innovativ oyun layihələri hazırlayıblar. Hakatonun sonunda yarışan komandalar hazırladıqları demo oyunları münsiflər heyətinə təqdim ediblər. Müsabiqədə qalib gələn “Versetech”, “LOTF”, “CtrlAltDefeat”, “Apocalypsis” və “Eniac” komandalarına sertifikatlar təqdim olunub.
“GameTech” hakatonunun məqsədi oyun təsisatçılığı sahəsində yaradıcı və innovasiya yönümlü potensialların aşkarlanması, iştirakçılar arasında komanda ruhu və quruculuğunun inkişaf etdirilməsi, oyun formalaşdırma bacarıqlarının artırılması idi.