Xəbər verdiyimiz kimi, 15-22 dekabr tarixlərində Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı keçirilir.
Dekabrın 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində festivalın açılışı münasibətilə “Klassik vokal ifaçılığı və onun əsasları” mövzusunda konfrans gerçəkləşdi.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq elmləri doktoru Alla Bayramova tədbiri açaraq muzeyin fondundakı Azərbaycan vokalçılarının arxiv materialları haqqında danışdı. Onun çıxışı muzeyin materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunduqca ağ-qara fotoşəkillər, ayrı-ayrı konsert, opera və balet tamaşalarından fərqli anların fotoyaddaşa köçən təsvirləri bizi uzaq illərə aparıb böyük sənətkarların həyat və sənət yolları ilə yenidən tanış etdi. Azərbaycanın görkəmli opera müğənniləri Bülbül, Şövkət Məmmədova, Məmmədtağı Bağırov, Ağababa Bünyadzadə, Hüseynağa Hacıbababəyov, Konstantin Knijnikov, Fatma Muxtarova, Rauf Atakişiyev, Lütfiyar İmanov, Firəngiz Əhmədova, Fidan Qasımova, Xuraman Qasımova və başqalarının arxiv materialları sayəsində həmin zəngin dövrə qısa səyahət edə bildik.
Xalq artisti, bəstəkar, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcov “Azərbaycan bəstəkarlarının yaradıcılığında vokal musiqisi” mövzusunda çıxış etdi.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Xuraman Qasımova bir ifaçı və pedaqoq kimi diqqəti daha çox vokal sənəti və onun tədrisi məsələsinə yönəltdi. Gəncləri bu çətin, həm də maraqlı sahəni seçərkən yüz ölçüb bir biçməyə səslədi. Bu sahədə şöhrəti yalnız uzun illərin əməyi və istedadla qazanmağın mümkün olduğunu dedi.
Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Zenfira İsmayılova isə “Azərbaycan milli vokal sənətində soprano ifaçılığının üslubları və ənənələri” mövzusunda çıxış etdi.
Sonda Akademik Opera və Balet Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev çıxış edərək festivalın işinə uğurlar arzuladı, sənətsevərləri zəngin proqramlı musiqi bayramının gözlədiyini dedi.
Həmidə