Ekspozisiyada ADRA müəllimlərinin əl işləri nümayiş olunur

 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə İstanbulda azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb.

“Bir millət, iki dövlət” mövzulu sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) professor-müəllim heyətinin əl işləri nümayiş etdirilir.

“Artfactory” sənət qalereyasındakı sərgi Azərbaycan Respublikasının Mədəniyyət, Elm və Təhsil nazirlikləri, ölkəmizin İstanbuldakı Baş konsulluğu, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və digər qurumların dəstəyi ilə təşkil edilib.

Tədbirin açılış mərasimində çıxış edən ADRA-nın prorektoru Xalq rəssamı Səlhab Məmmədov sərgidə heykəl, dekorativ sənət, rəsm olmaqla 57 əsərin nümayiş etdirildiyini bildirib. Qeyd olunub ki, sərgidə Ümummilli lider Heydər Əliyev, Azərbaycan təbiəti, Qarabağ bölgəsi və qardaş Türkiyəyə həsr olunan əl işləri yer alıb.

Tədbir çərçivəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Böyük sənət hamisi” filmi də təqdim olunub.

Filmin layihə rəhbəri heykəltaraş Namiq Hüseynov deyib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövrünü əhatə edən ekran əsərində nadir foto və videoarxivlərdən istifadə olunub.

“Bir millət, iki dövlət” sərgisi gələn il fevralın 17-dək davam edəcək.