Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İngiltərənin Vestminster Universiteti arasında memarlıq abidələrinin bərpası və yenidən qurulması ixtisası üzrə magistr dərəcəsində ikili diplom müqaviləsi imzalanıb.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovanın Böyük Britaniyaya səfəri çərçivəsində Vestminster Universitetində imzalanan sənədə əsasən, magistrantlar ikili diplom proqramına 2024-cü ilin sentyabr ayından qoşula biləcəklər. Proqramda iştirak etmək istəyən magistrantlar I kursda qəbul olduğu universitetdə, II kursda isə tərəfdaş universitetdə təhsil alacaqlar. Proqramı uğurla bitirərək məzun olan tələbələr sonda hər iki universitetin diplomunu əldə edəcəklər. Müqavilədə müəllim və tələbələrin akademik mübadilədə iştirakı, qarşılıqlı səfərlər, tələbələr üçün məlumatlandırma sessiyalarının təşkili və bu kimi məsələlər də nəzərdə tutulub.
Bununla AzMİU-nun xarici ölkə universitetləri ilə ikili diplom proqramlarının sayı 7-yə çatıb. AzMİU bakalavriat səviyyəsi üzrə Türkiyənin İstanbul Texniki Universiteti, İtaliyanın Milan Politexnik Universiteti və Fransanın CNAM Universiteti ilə, magistratura səviyyəsi üzrə isə İspaniyanın Koruna Universiteti, İtaliyanın Milan Politexnik Universiteti və Portuqaliyanın Leiria Politexnik İnstitutu ilə ikili diplom proqramları həyata keçirir.