Milli Məclisin sədri Mərakeşdə təşkilatın baş direktoru ilə görüşüb

 

Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. Qeyd edək ki, ICESCO-nun mənzil-qərargahı Mərakeşin Rabat şəhərində yerləşir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə Azərbaycanla ICESCO arasında əlaqələrindən bəhs edən Sahibə Qafarova Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin İslam dünyasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, dünyada sülhün təşviqi sahəsində böyük səylər göstərən təşkilatla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib. Qeyd edib ki, torpaqlarımızın Ermənistanın işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsi zamanı ICESCO-nun ölkəmizin haqq işini dəstəkləyən bəyanatlar verməsi və müharibə başa çatdırdan sonra bölgəyə ilk texniki heyət göndərən beynəlxalq təşkilat olması Azərbaycanda yüksək qiymətləndirilir.

Milli Məclisin sədri sivilizasiyalararası dialoqun təşviqi, təhsil və digər sahələrdə gördüyü işlərə görə ICESCO-nun xoşməramlı səfiri adına layiq görülmüş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi qeyd edib.

Görüşdə Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyin və qarşılıqlı hörmətin möhkəmləndirilməsi istiqamətində davamlı səyləri barədə danışılıb. “Bakı Prosesi” çərçivəsində uğurlu əməkdaşlıq qeyd olunub, qurumun Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumlarının əsas tərəfdaşı rolunda çıxış etməsi vurğulanıb.

Azərbaycan ilə ICESCO arasında keçən il imzalanmış Fəaliyyət Planının əhəmiyyəti barədə danışan Milli Məclisin sədri bildirib ki, ölkəmiz gənclər, təhsil, mədəni irsin qorunması və bərpası kimi mühüm sahələrdə təşkilatla əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Təşkilatın Bakı şəhərində Regional Ofisinin fəaliyyətə başlaması ilə bu əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Milli Məclisin sədri Şuşa şəhərinin ICESCO tərəfindən 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasından dərin məmnunluğunu ifadə edərək, bunun Şuşanın İslam sivilizasiyasının mərkəzlərindən biri kimi əhəmiyyətini nümayiş etdirmək üçün yaxşı fürsət olacağını bildirilib.

Söhbət zamanı parlamentlərin ICESCO ilə elm, təhsil, mədəniyyət sahələrində gələcək əməkdaşlıq perspektivlərinə toxunulub. Bu çərçivədə Milli Məclisin sədri ICESCO və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.

Baş direktor Salim bin Məhəmməd əl-Malik rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. O, ötən illərdə Azərbaycana səfərləri çərçivəsində ölkə rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, imzalanmış Fəaliyyət Planının ICESCO ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyini bildirib.

Salim bin Məhəmməd əl-Malik Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququ qazanmasına, həmçinin Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasına görə təbriklərini çatdırıb.