Astanada Lev Qumilyov adına Avrasiya Milli Universitetində görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Ziya Bünyadovun anadan olmasının 100 illiyinə həsr edilmiş “Görkəmli elm xadimi Ziya Bünyadov və onun türkologiya elminin inkişafındakı töhfələri” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə Beynəlxalq Türk Akademiyasından məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən Avrasiya Milli Universitetinin prorektoru Janna Kurmanqaliyeva Ziya Bünyadovun apardığı fundamental tədqiqatlardan söz açıb, akademikin araşdırmalarında orta əsr müsəlman Şərqi dövlətlərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının dərin təhlillər əsasında dolğun əksini tapdığını vurğulayıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev həyatını elmə bağlamasında müəllimi olmuş akademik Ziya Bünyadovun böyük rolundan danışıb. Qeyd edib ki, çoxşaxəli fəaliyyəti ilə seçilən dünyaşöhrətli alim Ziya Bünyadov Şərqdə ən böyük elmi mərkəzlərdən biri olan Şərqşünaslıq İnstitutu yaradıldığı gündən ömrünün sonuna qədər burada çalışıb. O, Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından uzaqlara yayaraq orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb, geniş oxucu kütlələrinin rəğbətini və məhəbbətini qazanıb. Ziya Bünyadov, eyni zamanda, öz alim qələmi və alovlu çıxışları ilə bədxahlara qarşı daim mübarizə aparıb, milli mənafelərimiz və ərazi bütövlüyümüz uğrunda gedən ölüm-dirim savaşının önündə olub. O, əsərlərində, erməni mənbələrinə əsaslanaraq apardığı tədqiqatlarda ermənilərin yeritdikləri çirkin siyasətin mahiyyətini aşkara çıxarıb. Görkəmli alimin “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyasında təqdim olunan faktlar, elmi nəticələr erməni millətçilərinin Azərbaycana qarşı fitnəkar fikirlərini alt-üst edib.
Şahin Mustafayev Z.Bünyadovun Türk dünyası ölkələrinin alim və tədqiqatçıları ilə sıx əlaqələrindən də söz açıb, onun Xarəzmşahların sonuncu hökmdarı olan Cəlaləddin Xarəzmşah haqqında yazdığı monoqrafiyasının Özbəkistan alimləri tərəfindən böyük rəğbətlə qarşılandığını və mərhum akademikin Özbəkistanın fəxri vətəndaşı adına layiq görüldüyünü vurğulayıb.
O, alimin elmi yaradıcılığına və fəaliyyətinə ən dəqiq və tutarlı dəyərin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini qeyd edərək Ümummilli Liderin “Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından Ziya Bünyadovun əsərləri əvəzsizdir” fikrini xatırladıb. Həmçinin Prezident İlham Əliyevin “Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladığını xatırladıb.
Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı, professor Darhan Kıdırali dünyaşöhrətli alim Ziya Bünyadovun zəngin və çoxşaxəli elmi yaradıcılığı ilə tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr verdiyini vurğulayıb. Qeyd edib ki, Ziya Bünyadov sovet imperiyasının tariximizi saxtalaşdıraraq öz ideologiyasına çevirdiyi yalanlardan təmizləmək üçün böyük işlər görüb və yetirmələrini də bu istiqamətdə çalışmağa səfərbər edib.
Ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bildirib ki, akademik Ziya Bünyadov Azərbaycan xalqının tarixinin saxtalaşdırılması cəhdlərinə qarşı ardıcıl və qətiyyətli mübarizə aparıb, taleyüklü milli məsələlərə münasibətdə hər zaman vətənpərvər ziyalı mövqeyi ilə seçilib. O bildirib ki, Z.Bünyadovun elmi fəaliyyətinin bir istiqaməti də xalq tərəfindən İslam dininin doğru-düzgün öyrənilməsinə yönəlib. Z.Bünyadov akademik Vasim Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i ana dilimizə çevirib, ona şərhlər yazıb.
Tədbirdə akademik Ziya Bünyadovun 100-cü ildönümünə həsr olunmuş “Orta Asiyadakı qədim türk yazıları” kitabının təqdimatı olub. Beynəlxalq Türk Akademiyası və Beynəlxalq Orta Asiya Araşdırmaları İnstitutunun birgə hazırladığı bu əsərdə tanınmış türkoloqların seçmə məqalələri ilk dəfə olaraq türk dilində dərc edilib. Kitabda Ziya Bünyadovun öz əlyazması ilə tərcümeyi-halı və onun haqqında geniş məqalə də yer alıb.
Daha sonra konfrans işini Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Asxat Kessikbayevin moderatorluğu ilə plenar iclasla davam etdirib.
İclasda akademik Nərgiz Axundova “Ziya Bünyadov: Azərbaycan şərqşünaslığında orta əsr türk xalqlarının ortaq tarixi üzrə tədqiqatların əsasını qoyan alim” mövzusunda məruzə ilə çıxış edib. O, akademik Ziya Bünyadovun türk xalqlarının ortaq tarixi üzrə apardığı tədqiqatlardan bəhs edərək bu istiqamətin alimin elmi yaradıcılığında mühüm yer tutduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Ziya Bünyadov xalqımızın türk kökündən olmasını elmi sübutlarla əsaslandırıb, onun gətirdiyi elmi dəlillərin, tarixi faktların Azərbaycan xalqının təşəkkülündə türk etnosunun aparıcı rol oynamasını sübut etməsi tarixşünaslıqda mühüm hadisə hesab olunub.
Tədbirdə, həmçinin Özbəkistan Respublikası Elmlər Akademiyasının Milli Arxeologiya Mərkəzinin baş mütəxəssisi Bəxtiyar Babacanov “Xarəzmin tarixi akademik Ziya Bünyadovun tədqiqatlarında”, professor Samal Tüleubayeva “Ziya Bünyadov və Qafqazla Orta Asiyada milli şərq məktəblərinin yaranma tarixi”, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Zemfira Qurbanova “Akademik Ziya Bünyadovun çoxşaxəli şəxsiyyəti və əsərləri” mövzusunda məruzələrlə çıxış edib, alimlə bağlı xatirələrini bölüşüblər.