Dekabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, ilk tibb elmləri doktoru, Əməkdar elm xadimi, akademik Mirəsədulla Mirqasımovun anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdən öncə ictimaiyyət nümayəndələri görkəmli alimin Fəxri Xiyabandakı məzarını ziyarət edib, abidəsi üzərinə tər gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

AMEA-nın Rəyasət Heyətinin binasında təşkil edilən tədbirdə akademik Mirəsədulla Mirqasımovun həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.

Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq akademik Mirəsədulla Mirqasımovun anadan olmasının 140 illiyinin “Heydər Əliyev İli”nə təsadüf etməsinin olduqca əlamətdar olduğunu, həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin görkəmli alimin fəaliyyətinə daim yüksək qiymət verdiklərini söyləyib.

Akademik Mirəsədulla Mirqasımovun həyat və fəaliyyətinin önəmli məqamlarına nəzər salan AMEA rəhbəri görkəmli alimin hələ Bakı Rus Gimnaziyasında şagird ikən elmə yüksək qiymət verdiyini, həmin dövrdə “Məktəb və həyat” jurnalında çap etdirdiyi “Müsəlman dünyasının mədəni geriliyinin əsas səbəbləri” kimi məqaləsində həqiqi dini inancın elmdən keçdiyini qeyd etdiyini söyləyib. Diqqətə çatdırılıb ki, M.Mirqasımov elm və təhsil yolundan dönməmiş, Odessa şəhərindəki Novorossiysk İmperator Universitetinin Tibb fakültəsində oxuyarkən “Novorossiysk Hospital Terapevtik Klinikasının Materialları” jurnalında çap etdirdiyi “Ağciyər vərəminin süni pnevmotoraksla müalicəsi” adlı elmi-praktik məqaləsi ilə hər kəsin diqqətini cəlb edib. Alimin fəaliyyəti SSRİ-nin hüdudlarından kənara çıxmış, o 1927-ci ildə Almaniyada “Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsinə dair materiallar” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi alıb. Mirəsədulla Mirqasımov Bakı Dövlət Universitetində və Azərbaycan Tibb İnstitutunda (indiki Azərbaycan Tibb Universiteti) müəllimlik fəaliyyəti ilə yüksəkixtisaslı həkim kadrların hazırlanması istiqamətində də mühüm işlər görüb. Həkim-cərrah, alim kimi yüksək fəaliyyəti onun Milli Elmlər Akademiyasının prezidenti seçilməsində önəmli rol oynayıb və o, qurucu prezident kimi akademiyanın tarixinə düşüb.

Sonra AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi tərəfindən akademik Mirəsədulla Mirqasımovun 140 illiyi münasibətilə hazırlanmış sənədli film nümayiş etdirilib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov akademik M.Mirqasımovun 140 illik yubileyinin AMEA-da qeyd olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirib ki, Mirəsədulla Mirqasımovun akademiyanın təsisçilərindən biri kimi AMEA-nın yaranması və formalaşmasında son dərəcə böyük xidmətləri olub. Akademikin elmi fəaliyyəti ilə yanaşı, cərrahi fəaliyyəti də son dərəcə böyük olub: “Alimin böyük cərrah və elm xadimi kimi yetişməsində müvəffəqiyyətlə bitirdiyi o dövrün çox tanınmış, nüfuzlu Novorossiysk İmperator Universitetinin böyük rolu olub. Həmçinin Odessadakı professor K.M.Sapetskinin rəhbərlik etdiyi klinikada çalışması onun yaxşı cərrah kimi yetişməsində böyük rol oynayıb. Hər bir alimin arzusu elmi məktəb yaratmaqdır və bu baxımdan Mirəsədulla Mirqasımov xoşbəxt alimdir ki, onun elmi məktəbi bu gün də yaşayır”.

Səhiyyə nazirinin müavini İlqar Qasımov akademik M.Mirqasımovun Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafındakı tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, Mirəsədulla Mirqasımov özünün bütün böyük və məhsuldar ömrünü urologiya, cərrahiyyə və onunla bağlı sahələrin mühüm məsələlərinin işlənib hazırlanmasına və inkişafına, Azərbaycan elminin təşkilatlanmasına həsr edib.

Tədbirdə Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar və Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli çıxış edərək görkəmli alimlə bağlı xatirələrini bölüşüb, Mirəsədulla Mirqasımovun yüksəkixtisaslı tibb üzrə kadrların hazırlanmasındakı fəaliyyətindən və onun elmi axtarışlarının bu gün də aktuallığını qorumasından danışıblar.

Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova “Akademik Mirəsədulla Mirqasımovun həyatı və elmi-pedaqoji fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib. Akademik qeyd edib ki, Mirəsədulla Mirqasımov bütün həyatını və fəaliyyətini Azərbaycan səhiyyəsinə və elminə, tibb üzrə kadrların hazırlanmasına həsr edib, nailiyyət və ənənələri ilə məşhur olan ciddi, dərin elmi məktəb yaratmış ilk elm xadimlərindən olub.

“Alimin 45 illik elmi-təcrübi, həkimlik və elmi-pedaqoji fəaliyyəti dövründə nüfuzlu jurnallarda işıq üzü görmüş qiymətli əsərləri, elmi cəmiyyətlərin yığıncaqlarında, konqreslərdə, konfranslarda, digər tədbirlərdə çoxsaylı məruzə və çıxışları, fundamental monoqrafiyaları həkim və alim ictimaiyyətinin diqqətini hər zaman özünə cəlb edib”,- deyə İ.Hüseynova qeyd edib.

Məruzəçi bildirib ki, professor Mirəsədulla Mirqasımovun 1933-cü ildə ümumi cərrahiyyə üzrə Azərbaycan dilində ilk dərsliyi yazaraq nəşr etdirməsi mühüm hadisə idi. Mirəsədulla Mirqasımovun ictimai fəallığı, həm sadə insanlar, həm də elmi ictimaiyyət arasında qazandığı böyük nüfuz onun 1945-ci ildə yaradılan Azərbaycan SSR Elmlər Akademiyasının təsisçilərindən biri olması, hətta hazırlıq işlərinin aparılması, sənədləşdirilmə və s. kimi fəaliyyətləri öz öhdəsinə götürməsi ilə nəticələnir. Azərbaycan elmi fikrinin inkişafı tarixində ilk dəfə olaraq elmi fəaliyyət mükəmməl təşkilati struktura malik sistemli xarakter almağa başlayır. Ümumi iclasda Azərbaycan SSR EA-nın 15 həqiqi üzvündən biri və ilk prezidenti seçilir. Alimin akademiyanın formalaşmasında və inkişafında oynadığı rol ən yüksək qiymətə layiqdir”, - deyə İ.Hüseynova vurğulayıb.

Tədbirdə Azərbaycan Tibb Universitetinin Birinci cərrahi xəstəliklər kafedrasının müdiri AMEA-nın müxbir üzvü Nuru Bayramovun “akademik Mirəsədulla Mirqasımovun Azərbaycan Tibb Universitetinin inkişafında rolu” və Urologiya kafedrasının müdiri AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyevin “Azərbaycanda urologiya elminin təşəkkülü və inkişafı” mövzusunda məruzələri dinlənilib.

Sonda akademik Mirəsədulla Mirqasımovun oğlu Xalq artisti Oqtay Mirqasımov çıxış edərək atasının yubileyinin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.