Azərbaycan Aşıqlar Birliyində (AAB) daha bir layihə başa çatdırılıb. Son illərdə bir sıra sanballı nəşrlər ərsəyə gətirən AAB-də bu dəfə Qərbi Azərbaycan aşıqlarının poetik yaradıcılıq nümunələrindən ibarət antologiya hazırlanıb.

AAB-nin katibi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, XVI əsrdən bu yana Qərbi Azərbaycanın ayrı-ayrı mahallarında – İrəvan, Zəngəzur, Dərələyəz, Göyçə, Qaraqoyunlu, Dərəçiçək, Loru və Ağbabada yaşayıb-yaratmış ustad sənətkarların zəngin ədəbi irsindən nümunələrin yer aldığı toplu soydaşlarımızın dədə-baba yurdu olan ərazilərdə sənət ənənəsi, tarixi-mədəni prosesin inkişaf dinamikası, coğrafi arealın hansı milli-mənəvi zənginliyə köklənməsi haqqında bilgi vermək baxımından mühüm bir qaynaqdır.

Antologiyanın hazırlanmasında əsas məqsəd regionun söz-sənət yükünü qoruyub gələcək nəsillərə çatdırmaq, eyni zamanda sənətə yenicə qədəm qoyan yeniyetmə və gənclərin repertuar zənginliyini genişləndirməkdir.

Topluda XVI əsrdə yaşayıb-yaratmış Miskin Abdaldan üzübəri bir çox böyük saz-söz ustadlarının – Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Məhərrəm Alçalı, Ululu Kərim, Çobankərəli Cəfər kimi ustad sənətkarlarla yanaşı, erməni təcavüzü nəticəsində öz dədə-baba yurdlarından didərgin düşüb, bu gün Azərbaycanın müxtəlif guşələrində yaşayaraq Qərbi Azərbaycandakı aşıq sənəti ənənəsini yaşadan çağdaş aşıqların yaradıcılığından şeir nümunələrinə də yer ayrılıb.

Antologiyanı nəşrə professorlar Məhərrəm Qasımlı, Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli hazırlayıb.