Dekabrın 18-də Azərbaycan Mətbuat Şurasında “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının müzakirəsi keçirilib.

Toplantını giriş sözü ilə MŞ sədri Rəşad Məcid açaraq bildirib ki, Azərbaycan Dillər Universitetinin (ADU) Elm və Təhsil Nazirliyi ilə birlikdə ərsəyə gətirdiyi kitabın layihə rəhbəri ADU-nun rektoru akademik Kamal Abdulladır.

Qeyd olunub ki, ə 1993-2003-cü illərdə müxtəlif ölkələrdəki ingilisdilli mətbuatda Azərbaycan haqqında yayımlanmış məqalələrin toplanıb bir araya gətirilməsi yaxın tariximizin öyrənilməsinə töhfədir. MŞ sədri çıxışında, həmçinin, kitabda toplanmış materialları Qərb jurnalistikasının spesifik yanaşma tərzinin öyrənilməsi baxımından da mühüm mənbə olduğunu vurğulayıb.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının media ictimaiyyətində müzakirəsinin əhəmiyyətini vurğulayıb.
MŞ idarə heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov bildirib ki, kitab “Heydər Əliyev İli”nə ən böyük töhfələrdən biridir. O, bu dövrlə bağlı ingilisdilli mətbuatla yanaşı, digər dillərdəki media materiallarının toplanmasına ehtiyacın olduğunu deyib və əmin olduğunu bildirib ki, ADU akademik Kamal Abdullanın rəhbərliyi ilə bu işi də yüksək səviyyədə həyata keçirəcək.

ADU-nun prorektoru, Azərbaycanın sabiq baş naziri Novruz Məmmədov Ulu öndər Heydər Əliyevin idarəçilik dövrünə ekskurs edərək bildirib ki, dahi şəxsiyyət həmin illərdə çox böyük çətinliklərə sinə gərib. Onun misilsiz xidmətlərinin nəticəsi idi ki, ölkəmiz beynəlxalq miqyasda tanındı.

MŞ idarə heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru, teleaparıcı, politoloq Tofiq Abbasov, ADU-nun Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlı və digər çıxış edənlər nəşr haqqında fikirlərini bölüşüblər.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynurə Hüseynova və layihənin koordinatoru, ADU-nun “Azərbaycanşünaslıq” elmi mərkəzinin müdiri, tarix üzrə fəlsəfə doktoru Aqşin Rüstəmov kitabın hazırlanması barədə məlumat veriblər.