Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbində görkəmli xanəndə, Xalq artisti Rübabə Muradovanın (1933-1983) 90 illik yubileyinə həsr olunmuş “Unudulmayan səs” adlı tədbir keçirilib.

Tədbirdə unudulmaz xanəndənin həyat və yaradıcılığından söz açılıb, onun musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs olunub.

Vurğulanıb ki, Rübabə Muradova Azərbaycan muğam operalarında Leyli (“Leyli və Məcnun”), Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”), Sənəm (“Gəlin qayası”) kimi parlaq, yaddaqalan obrazlar yaradıb. Qeyd edilib ki, teatrda işləməklə yanaşı, o, geniş konsert fəaliyyəti ilə də məşğul olub. Azərbaycan muğamlarını, xalq mahnılarını, bəstəkarların əsərlərini istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda uğurla təbliğ edib.

Bədii hissədə unudulmaz sənətkarın repertuarından bəstəkar və xalq mahnıları məktəbin müəllim və şagirdləri tərəfindən ifa olunub.