Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik Musiqi məktəbində görkəmli opera müğənnisi, Xalq artisti Fatma Muxtarovanın (1893-1972) 130 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Fatma Muxtarovanın həyat və yaradıcılığına həsr olunmuş videoçarx təqdim edilib.

Çıxışlarda qeyd olunub ki, F.Muxtarova Azərbaycan səhnəsinin əvəzolunmaz Karmeni, Azərbaycanın ilk peşəkar opera ifaçısıdır. 1938–1953-cü illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Azərbaycan opera sənətinin inkişafında mühüm xidmətləri olan F.Muxtarova müxtəlif opera teatrlarının səhnəsində klassik ifaçılardan Fyodor Şalyapin, Bülbül, Sergey Lemeşevlə birgə çıxış edib.

Tədbirin bədii hissəsində məktəbin vokal sinfinin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini məharətlə səsləndiriblər.