Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə məcburi köçkünlərin hazırladığı “Bura mənim evimdir” sənədli filmi Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq “Ege Art” qısa film festivalının mükafatına layiq görülüb.
Dövlət Komitəsindən bildirilib ki, film Amerikada doğulub boya-başa çatmış Ceyhun Qarabağlının baba yurduna – Cəbrayıl rayonunun Süleymanlı kəndinə səfəri və bu zaman keçirdiyi hiss-yaşantılardan bəhs edir.
Təqdimat mərasimində Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov və komitənin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev iştirak ediblər.
Qeyd olunub ki, film məcburi köçkünlər tərəfindən hazırlanıb. Rejissor Ağdam rayonundan məcburi köçkün Nicat Cəlilovdur. Onun həm özü, həm də atası Kərim Cəlilov Qarabağ müharibəsinin iştirakçısıdır. Çəkiliş heyətinin digər üzvləri – İsa İsmayılov Laçın, Əsgər Xudiyev Cəbrayıl, Fuad Cəfərov Ağdam rayonundan məcburi köçkünlərdir.
Filmin qəhrəmanı Ceyhun Qarabağlının babası Cavanşir Qarabağlı İkinci Dünya müharibəsində iştirak edib, müharibə başa çatdıqdan sonra Azərbaycana qayıda bilməyib, Türkiyədə, Misirdə, İtaliyada, Amerikada qəriblik həyatı yaşayıb. Amma doğma yurdunu heç vaxt unutmayıb, Vətən sevgisini övladlarına, nəvələrinə ötürüb. Babasının uşaqlıq və gənclik illərini keçirdiyi Süleymanlı kəndini görmək Ceyhunun arzusu olub və torpaqlarımızın işğaldan azad edilməsi ona bu arzunu gerçəkləşdirmək imkanı verib. Onun baba yurdunda keçirdiyi hisslər, səfər təəssüratları həm vətənpərvərlik hekayəsi, həm də torpaqları viran qoyan işğala etiraz nümunəsi kimi təqdim olunur.
“Ege Art” festivalında maraqla qarşılanan “Bura mənim evimdir” filmi münsiflər heyəti tərəfindən “Vəfa” mükafatına layiq görülüb.
Xatırladaq ki, noyabrın 20-də Bakıda ilk təqdimatı olmuş filmin müxtəlif ölkələrdə nümayişi nəzərdə tutulub.