Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəni İrs Forumunun dekabrın 18-də reallaşan üçüncü – sonuncu paneli “Azərbaycanda daşınar mədəni irs. Muzey işi və müasir çağırışlar” mövzusuna həsr olunub.
Panelin moderatoru Heydər Əliyev Mərkəzinin Layihələrin idarə edilməsi departamentinin direktoru Nərgiz Abdullayeva mövzu barədə məlumat verərək çıxışçıları səhnəyə dəvət edib. Sonra Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış qeyri-maddi mədəni irsimizə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda Ulu öndər Heydər Əliyevin muzey işi sahəsinə göstərdiyi diqqət və qayğı, Prezident İlham Əliyevin sərəncamı ilə İşğal və Zəfər muzeylərinin yaradılmasını əks etdirən videomateriallar nümayiş olunub.
Milli İncəsənət Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova “Dünya muzeylərində qorunub saxlanılan Azərbaycan mədəniyyət nümunələrinin müəyyən edilməsi, öyrənilməsi və atribusiyası, onların Azərbaycana məxsusluğunun sübuta yetirilməsi” mövzusunda çıxış edib. Qeyd edib ki, Rusiya Dövlət Şərq Xalqları Muzeyi, Luvr Muzeyi, İstanbul Türk və İslam Əsərləri Muzeyində Azərbaycana məxsus sənət nümunələri qorunur. Onların atribusiyası aparılıb, həmin nümunələrin sərgiləri təşkil edilib, kataloqları hazırlanıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşı Vasif Qurbanov “Mədəni sərvətlərin idxalı və ixracı, tranzit qaydaları” mövzusunda çıxışında Gömrük Tarixi Muzeyinin fəaliyyəti haqqında məlumat verib. Sərgi, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı zamanı qanunvericiliklə nəzərdə tutulan hüquqi aktların və mexanizmlərin işlənmə prosesini diqqətə çatdırıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər şöbəsinin sektor müdiri Altun Mikayıllı mədəni sərvətlərin ölkədən çıxarılma və qaytarılma qaydaları haqqında söz açıb.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova rəhbərlik etdiyi mərkəzin fəaliyyətindən, tarix yadigarlarına ikinci həyatın verilməsi prosesindən danışıb.
Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zafiq Xəlilov mərkəzin muzey və sərgi fəaliyyəti ilə bağlı məlumat verib. Qeyd edib ki, mərkəzdə 11 ildə 450-dən çox sərgi və tədbir keçirilib. Mərkəz tərəfindən təşkil edilən yeni tendensiyalara uyğun sərgilər maraqla qarşılanıb və dünyanın müxtəlif mədəniyyətlərini əks etdirən nümunələr təqdim edilib.
Milli İncəsənət Muzeyi Elmi bərpa şöbəsinin müdiri Natiq Səfərov “Maddi texniki bazanın gücləndirilməsi. Müasir muzeylər. Muzeylər sosial təhsil vasitəsi kimi” mövzusunda çıxışında elmi bərpa işinin təşkili və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd edib.
İşğal və Zəfər muzeylərinin təşkili üzrə kreativ direktor, ekspert Fabrisio Konti “İşğaldan azad olunmuş ərazilərdə muzeylərin bərpası. İşğal və Zəfər muzeyləri” mövzusunda çıxış edib. O, 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra mədəni sərvətlərin dağıdılması dəhşətini ilk dəfə gördüyünü bildirib. Deyib ki, hazırda Laçın, Kəlbəcər və Zəngilanda İşğal və Zəfər muzeylərinin yaradılması istiqamətində işlər aparılır. Muzeylərdə işğaldan əvvələ və Zəfərdən sonraya aid ekspozisiyalar yaradılacaq.
Sonra mövzular üzrə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Lalə