Keçmişdən bu günə milli varlığımızı qoruyub saxlayan mədəniyyətimiz olub

 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində 18-19 dekabr tarixlərində ölkəmizdə ilk dəfə Mədəni İrs Forumu keçirilib.

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumun iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, qarşısına tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, üzərinə tər çiçəklər qoyulub.

Sonra “Gülüstan” Sarayında forumun açılış mərasimi keçirilib. Mərasimdə rəsmilər, millət vəkilləri, elm və mədəniyyət xadimləri, mədəni irs üzrə mütəxəssislər iştirak ediblər.

İştirakçılar əvvəlcə sarayın foyesində milli tətbiqi-dekorativ sənət nümunələri – misgərlik, xalçaçılıq, kəlağayı sənəti və təkəlduz örnəklərindən ibarət sərgi ilə tanış olublar.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova açılış mərasimində çıxış edərək bildirib ki, hər bir xalqı dünyada tanıdan ən önəmli xüsusiyyət onun mədəniyyətidir. Mədəni-mənəvi dəyərlərimiz tarixin müxtəlif mərhələlərində bir sıra çətinliklərlə üzləşib. Ancaq xalq kimi varlığımızı qoruyub saxlayan məhz bizim ənənələrimiz, tariximiz, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olub.

Qeyd edilib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən mədəni irsimizin qorunması, bərpası və təbliği diqqət mərkəzində saxlanılır. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən bu sahədə böyük işlər görülür, müxtəlif layihələr həyata keçirilir.     

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun irs nümunələri haqqında söz açan nazir müavini bu ərazilərdə 705 tarix və mədəniyyət abidəsinin dövlət qeydiyyatına alındığını diqqətə çatdırıb: “Aparılan təhlillər nəticəsində müəyyən olunub ki, həmin ərazilərdə çoxsaylı dövlət qeydiyyatına alınmayan tarixi, arxeoloji və memarlıq əhəmiyyətli daşınmaz mədəni irs obyektləri də mövcuddur. İşğal dövründə onlar ermənilər tərəfindən məqsədli şəkildə dağıntıya, vandalizmə məruz qalıb, 47 abidə yer üzündən silinib. 2020-2022-ci illərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti tərəfindən 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib, eləcə də həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin – yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb”.

Mədəni irsimizin beynəlxalq aləmdə təbliği barədə danışan Səadət Yusifova deyib ki, ölkəmizdə 26 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir. Onlardan 4-ü UNESCO-nun Dünya İrs Siyahısında yer alıb. Azərbaycanın 23 qeyri-maddi mədəni irs elementi UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahılarına daxil edilib.

Bildirilib ki, hazırda ölkəmizdə dövlət mühafizəsinə götürülmüş 6308 abidə mövcuddur. Onlardan 1400-dən çox tarixi-mədəni əhəmiyyətli obyekt yeni aşkar edilmiş abidə qismində qeydə alınıb: “Son 3 il ərzində ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın gələcəkdə qarşılaşacağı təhdidlər sırasında mədəni irs də var. Ona görə də bu istiqamətdə görüləcək işlərə daha həssas, sistemli və kompleks yanaşılmalı, kadr hazırlığına xüsusi diqqət yetirilməli, elmi araşdırmaların sayı və keyfiyyəti artırılmalıdır. Bu baxımdan, iki gün ərzində forum gedişində mədəni irsin qorunması ilə bağlı müzakirələrə çıxarılacaq məsələlər və təkliflər diqqətə alınacaq və 2040-cı ilə hədəflənmiş yeni Mədəniyyət Konsepsiyasında öz əksini tapacaq”.

Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadə forumun əhəmiyyətini yüksək qiymətləndirib. Deyib ki, zəngin mədəni irsimiz dünya xalqları sırasında özünəməxsusluğumuzun göstəricisidir.

Qeyd edilib ki, mədəni irsimizin tədqiqi və dünya miqyasında təbliği ölkəmizə rəhbərliyinin hər iki dövründə Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub. Ulu öndərin ideyalarının davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə davamlı iş aparılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun dəstəyi ilə genişmiqyaslı layihələr reallaşdırılıb.

Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov da forumun önəmini vurğulayıb, aparılacaq müzakirələrin ümumilikdə mədəniyyətimiz üçün faydalı olacağına inandığını deyib.

Çıxışlardan sonra forum işini panel müzakirələrlə davam etdirib.

G.Mirməmməd