Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəni İrs Forumunun ikinci iş günü – dekabrın 19-da üç panel toplantısı olub.
İkinci günün ilk paneli Azərbaycanın daşınmaz tarixi-mədəni irsinin tədqiqi və mühafizəsi mövzusuna həsr edilib.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədovanın moderatorluğu ilə keçirilən paneldə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri Şahin Seyidzadə “Mədəni irsin qorunması, monitorinqi, inventarlaşdırılması və pasportlaşdırılması, abidənin bərpa-konservasiya təcrübəsi, ənənələr və müasir yanaşmalar” mövzusunda çıxış edib. O, qoruq ərazisindəki tarixi abidələrdən və ərazidə yaşayış şərtlərindən danışıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva “Mədəni irsin qorunması sahəsində qanunvericilik məsələləri” mövzusunda çıxış edib. Abidələrə qanunsuz müdaxilələrdən danışan xidmət rəisi diqqətə çatdırıb ki, vətəndaşların istifadəsində olan tarixi-mədəni abidələrimizin bir qismi baxımsız vəziyyətdədir. Burada ərazi şəraiti, yaxud abidənin fərdi mülkiyyətə məxsus sahədə olması və digər bu kimi amillər həmin abidələrin mühafizəsinə əngəl törədir.
Xidmət rəisi qurumun hədəfləri barədə də danışıb: “Abidələrin qorunması prosesində monitorinqlərin davam etdirilməsi, daşınmaz mədəni sərvətlərin müəyyənləşdirilməsi, Ekspert şurası tərəfindən yeni siyahının və elektron reyestrin işlənilməsi, abidələrdə müdaxilələrin və dağıntıların müəyyən edilməsi, qəzalı vəziyyətdə olan abidələrin bərpası, pasportlaşdırılması, müasir və çevik sistemin işlənilməsi və digər bu kimi işlər görülməlidir”.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru Zaur Həsənov “Arxeoloji abidələrin tədqiqinə yeni üsullar: müasir metodologiyalardan istifadə” mövzusunda çıxış edib. Məruzəçi arxeoloji tədqiqatlarda müasir texnologiyaların tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb.
Dövlət Turizm Agentliyi nəzdində Qoruqları İdarəetmə Mərkəzi İdarə heyətinin sədr müavini Sədaqət Davudova “Mədəni irsin qorunmasında qanunvericilik məsələri” mövzusunda çıxışında mərkəzin tabeliyində olan qoruqlardakı irs obyektlərinin mühafizəsi məsələlərindən bəhs edib. Deyib ki, Qoruqları İdarəetmə Mərkəzinin əsas vəzifələri qoruqların ərazilərində yerləşən maddi mədəni və qeyri-maddi tarixi irs nümunələrini qorumaqla onlardan turizm məqsədli səmərəli istifadəni təşkil etmək, qoruq ərazilərində turizm marşrutlarını müəyyən etməklə onların turizm potensialını inkişaf etdirmək, tarixi-mədəni irs nümunələrinin mühafizəsinə və təbliğinə dair tədqiqat işlərini dəstəkləyib ictimai maarifləndirməni artırmaq və s. ibarətdir.
“Mədəni irs abidələrinin idarə edilməsində, onların qorunmasında müasir texnologiyalar və innovasiyalar, kadrların hazırlanması” mövzusunda çıxış edən Avstriyanın “Atəşlər” Erich Pummer” şirkətinin müdir müavini Çingiz Nemanzadə minarələrin bərpasında diqqət edilməli məqamlardan, bu sahədə tətbiq edilən yeni texnologiyalardan söz açıb. Onun çıxışı minarələrin bərpa texnologiyasına dair videoçarxla müşayiət olunub.
Televiziya aparıcısı, bələdçi Fuad Axundov “Memarlıq abidələrinin qorunması və istifadəsində əhalinin sosial məsuliyyəti , dövlət və özəl tərəfdaşlıq” mövzusunda çıxışında tarixi binaların fasadlarına yersiz müdaxilələrdən danışıb.
Panelin sonunda səsləndirilən təkliflər barədə fikir mübadiləsi aparılıb.
L.Azəri