Əli Əsədov: “Azərbaycan beynəlxalq mədəni tədbirlərin ənənəvi məkanına çevrilib”

 

MDB iştirakçı dövlətlər arasında bir çox sahələrdə mühüm dialoq və qarşılıqlı fəaliyyət platformasıdır. Azərbaycan bu formatda uğurlu qarşılıqlı fəaliyyətin zəmanəti olan ikitərəfli əlaqələrin bundan sonra da genişləndirilməsinə və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu fikirləri dekabrın 18-də Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

İclas vaxtilə sovet respublikalarını bir araya gətirən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (“VDNX”) məkanındakı “Rusiya” beynəlxalq sərgi-forumunda keçirilib. Şuranın cari ildə son toplantısı MDB-də mədəni-humanitar əməkdaşlığa həsr olunub.

İclasdan əvvəl nümayəndə heyətlərinin rəhbərləri “Rusiya” beynəlxalq sərgi-forumuna baxış keçiriblər.

İclasda çıxış edən Əli Əsədov diqqətə çatdırıb ki, hökumətlərarası səviyyədə müntəzəm təmaslar ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə məhsuldar dialoq aparmağa, həmçinin müxtəlif çağırışlara və risklərə vaxtında cavab verməyə imkan yaradır.

“Sevindirici haldır ki, bu gün bizim gündəliyimiz mədəniyyət mövzusuna həsr olunub. Ölkələrimiz mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyət üçün böyük potensiala malikdir. Hər il MDB çərçivəsində mədəniyyət paytaxtlarının və tematik humanitar illərin elan edilməsi Birlik ölkələrinin humanitar qarşılıqlı fəaliyyətinin genişləndirilməsinə öz töhfəsini verir”, – deyə o bildirib.

2023-cü ildə MDB-nin “Mədəniyyət paytaxtı” olan Sankt-Peterburq şəhərinin mədəniyyətlərarası dialoqun inkişafına töhfəsini xüsusi qeyd edən Əli Əsədov 2024-cü ildə bu estafeti Səmərqənd şəhərinin təhvil alması münasibətilə Özbəkistan Respublikasını təbrik edib.

Azərbaycanın MDB çərçivəsində mədəni-humanitar əməkdaşlığın gücləndirilməsinə böyük önəm verdiyini vurğulayan Əli Əsədov deyib: “Ölkəmizdə müntəzəm olaraq bu sahədə incəsənət, mədəniyyət, elm, təhsil xadimlərini bir araya gətirən müxtəlif tədbirlər keçirilir. Azərbaycan artıq bu cür tədbirlərin ənənəvi məkanına çevrilib. Əlbəttə, bütün bunlar coğrafi, tarixi və mədəni köklərə, Azərbaycan xalqına xas olan çoxəsrlik multikulturalizm ənənələrinə əsaslanır. Azərbaycan Respublikası çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Bütün millətlərin və dinlərin nümayəndələri əsrlərdir ki, ölkəmizdə sülh, anlaşma və dostluq şəraitində yaşayırlar. Milli və dini mənsubiyyətindən asılı olmayaraq, onların hamısı bizim bərabərhüquqlu vətəndaşlarımızdır. Biz bu gün bu faktı bu yüksək kürsüdən bir daha bəyan edirik”.

Baş nazir bildirib ki, ölkəmiz çoxsaylı beynəlxalq platformalar vasitəsilə millətlərarası dialoqu fəal şəkildə təşviq edir. İdman sahəsində qarşılıqlı fəaliyyət də humanitar əlaqələrin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərir: “Biz 2025-ci ildə Azərbaycanın ikinci böyük şəhəri Gəncədə keçiriləcək III MDB ölkələri Oyunlarına məhz bu prizmadan baxırıq. Əminəm ki, bu Oyunlar gələcəkdə də MDB çərçivəsində humanitar qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə və inkişafına kömək edəcək”.

Əli Əsədov diqqətə çatdırıb ki, Azərbaycan MDB çərçivəsində iqtisadi əməkdaşlıqda fəal iştirak edir. Keçən il Azərbaycanın Birlik ölkələri ilə əmtəə dövriyyəsinin həcmi təqribən 30 faiz artıb. Cari ilin 10 ayının yekunlarına görə, daha 17 faizlik artım qeydə alınıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin prioritet layihələr olacağı nəqliyyat-tranzit sahəsində qarşılıqlı faydalı əməkdaşlıq formalaşıb.

Çıxışında Azərbaycanın regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi səylərini davam etdiricəyini vurğulayan Əli Əsədov bildirib: “Bu yaxınlarda alınan müsbət siqnalları nəzərə alaraq, bu istiqamətdə konstruktiv dialoqun davam etdirilməsini son dərəcə mühüm hesab edirik. Yaranmış tarixi fürsətdən rasional istifadə edilməsi bizə regionda çoxdan gözlənilən sülhə nail olmağa imkan verəcək, regionumuzda bütün insanlara dinc və təhlükəsiz birgəyaşayış ümidləri bəxş edəcək”.

İclasın yekununda MDB-yə üzv dövlətlərin hökumət başçılarının mədəni-humanitar əməkdaşlığın perspektivlərinə dair Bəyanatı imzalanıb.

Qeyd edək ki, 2023-cü ildə MDB-yə sədrliyi Qırğızıstan həyata keçirib. İclasda 2024-cü il üçün sədrlik Rusiyaya keçib.