Heydər Əliyev Fondu və BP şirkətinin birgə layihəsi olaraq ərsəyə gələn “Azərbaycan xalçaları – ilmələrin rəqsi” kitabının ingilis dilində nəşri Mədəni İrs Forumu çərçivəsində təqdim edilib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov xalçaçılıq sənətinin təbliğinin vacib olduğunu vurğulayaraq kitabın bu baxımdan əhəmiyyətini qeyd edib.
Nəşr hər bir xalçanın fərqləndirici xüsusiyyətləri haqqında müfəssəl məlumatlarla müşayiət olunur. Kitaba Azərbaycan xalçaçılıq sənətinin tarixi, əsas istiqamətləri və texnikası, həmçinin bu layihənin ilham qaynağı olmuş memarlıq və mədəniyyət möcüzələri haqqında məlumatlar daxildir. Nəşrdə adıçəkilən xalçaların hazırlanmasında 6 rəssam və 14 xalçaçı iştirak edib. Heydər Əliyev Fondu tərəfindən hazırlanan layihə üzrə xalçalar təbii boyalarla rənglənmiş ipək və yun iplərdən toxunub. Burada 170 rəng və çalardan istifadə olunub.
Xatırladaq ki, kitabın Azərbaycan dilində nəşri və eyniadlı xalça kolleksiyasından ibarət sərgi 2022-ci ildə Heydər Əliyev Mərkəzində təqdim edilib.