Azərbaycanın Pakistandakı Səfirliyi bu ölkənin Milli Müasir Dillər Universitetində (NUML) “Xarıbülbül əfsanəsi” sənədli filminin nümayişini təşkil edilib.
Film Azərbaycanın İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Mədəniyyət Nazirliyinin dəstəyi ilə isveçli fotoqraf və rejissor Mikael Silkeberq tərəfindən 2022-ci ildə – “Şuşa İli” çərçivəsində çəkilib.
Nümayişdən öncə ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov çıxış edərək Şuşa şəhəri barədə danışıb. Azərbaycan mədəni irsinin, musiqisinin beşiyi olan şəhərin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” və 2024-cü il üçün isə “İslam dünyasının paytaxtı” elan edildiyi diqqətə çatdırılıb.
Diplomat xarıbülbül çiçəyindən də söz açaraq onun Qarabağ ərazisində, xüsusilə Şuşa ətrafında bitdiyini və torpaqlarımızın işğaldan azad olunmasının rəmzinə çevrildiyini vurğulayıb.
Sonra “Xarıbülbül əfsanəsi” sənədli filmi təqdim olunub.
Filmin nümayişindən sonra qonaqlar Milli Müasir Dillər Universitetində fəaliyyət göstərən “Azərbaycan dili və mədəniyyət mərkəzi” ilə tanış olublar. Mərkəz 2022-ci ildə Azərbaycan Dillər Universitetinin təşəbbüsü və təşkilatçılığı, Pakistandakı səfirliyimizin dəstəyi ilə yaradılıb.