Tanınmış virtuoz ifaçı Məhərrəm Nəcəfzadə dekabrın 21-də, 57 yaşında vəfat edib.
Məhərrəm İsmayıl oğlu Nəcəfzadə 1966-cı il noyabrın 30-da Bakıda anadan olub. 1973 – 1981-ci illərdə 172 saylı məktəbdə oxuyub. 1981-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun tar sinfinə daxil olub. 1986-cı ildə təhsilini başa vurub, təyinatla Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki uşaq Musiqi məktəbində əmək fəaliyyətinə başlayıb. Sonralar müxtəlif təhsil ocaqlarında çalışıb. "Şəms" instrumental ansamblının yaradıcısı və bədii rəhbəri olan Məhərrəm Nəcəfzadə tar, saz, ney, tütək, zurna, ud alətlərində ustalıqla ifa edib.
Yüksək sənət enerjisinə, böyük istedada, dərin sənət həvəsinə və peşə sevgisinə malik olan musiqiçi gənclik illərindən "İrs" folklor, "Dastan" folklor, "Meyxana" instrumental ansambllarında nəfəs və simli alətlər ifaçısı fəaliyyət göstərib. Üzv olduğu "Ozan" estrada-folklor qrupu 1988-ci ildə Qazaxıstanın Şevçenko şəhərində keçirilən festivalda Qran-pri mükafatına layiq görülüb.
1997-ci ildən İ.Əbilov adına Mədəniyyət Mərkəzində işləyən musiqiçi mərkəzin bədii rəhbəri olub. Burada keçirilən bədii-kütləvi tədbirlərin, seminarların, yaradıcılıq gecələrinin və konsertlərin təşkilatçısı kimi mədəniyyət ictimaiyyətinin hörmət və rəğbətini qazanıb.
Allah rəhmət eləsin.