Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi dekabrın 20-də Ankarada, Türkiyə Milli Kitabxanasında qeyd edilib.
Əvvəlcə “Azərbaycan Milli Kitabxanasının nəşrləri” adlı sərginin açılışı olub.
Tədbiri Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və nəşrlər baş direktoru, Türkiyə Milli Kitabxanasının rəhbəri Taner Beyoğlu açıb. O, qardaş ölkənin nümayəndələrini Türkiyə Milli Kitabxanasında görməkdən məmnun olduğunu vurğulayıb və Azərbaycan Milli Kitabxanasını 100 illik yubiley münasibətilə təbrik edib.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov kitabxananın 100 illik yubileyinin Ankarada qeyd olunmasından məmnunluğunu bildirib. O, iki ölkənin Milli kitabxanaları arasında əməkdaşlıqdan bəhs edərək gələcəkdə bir sıra layihələr nəzərdə tutulduğunu vurğulayıb.
Sonra Azərbaycan Milli Kitabxanası haqqında videoçarx nümayiş olunub.
Azərbaycan Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Marifli çıxışında Türkiyə Milli Kitabxanası ilə mütəmadi olaraq keçirilən birgə tədbirlər, kitab təqdimatları haqqında danışıb. Bakıda keçirilən beynəlxalq kitab sərgilərində hər il qardaş ölkənin fəal iştirakını qeyd edib.
Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı hər iki ölkənin Milli Kitabxanasına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra Azərbaycan Milli Kitabxanasının əməkdaşı Fidan Bayramova kitabxananın 100 illik yubileyi ilə bağlı elektron məlumat bazasının təqdimatını edib.
Yubileyə həsr olunmuş “100 illik yol” adlı film və kitabxananın nəşrləri Türkiyə Milli Kitabxanasına hədiyyə edilib.