Azərbaycan xalça sənətinə həsr olunan kitabın təqdimatı
Dekabrın 20-də Milli Xalça Muzeyində xalçaçı rəssam, professor Məmmədhüseyn Hüseynovun “Xəttin şifrəsi” kitabının birinci cildinin təqdimatı keçirildi. Kitab Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr olunub.
Tədbirin aparıcısı Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxış edərək milli rəssamlıqda və klassik poeziyada xətt, naxış, rəsm sənəti haqqında danışdı, kitabla bağlı fikirlərini bölüşdü. Bildirildi ki, kitabda xalçalarda nöqtə və xətt anlayışlarından, bu həndəsi elementlərin Azərbaycan və digər türkdilli xalqların mifoloji dünyagörüşünə təsirindən bəhs olunur. Burada xalçalarla yanaşı, digər dekorativ-tətbiqi sənət nümunələrini də bəzəyən nöqtə və xətlərin yaratdığı semantik mənalar açıqlanıb. Müəllif uzun illər apardığı araşdırmalar əsasında xətt anlayışına tarixi-fəlsəfi aspektdən yanaşaraq onların rəmzi xüsusiyyətlərini göstərib.
Millət vəkili Cavanşir Feyziyev dedi ki, Məmmədhüseyn Hüseynov tədqiqat əsərində xəttin incəsənətimiz üçün sıradan bir element olmadığını elmi baxımdan əsaslandırıb. O, həmçinin müəllifin “Pazırıq” xalçası ilə bağlı araşdırmasını, bu məlumatın dünya dillərinə tərcümə olunaraq türk xalqlarına məxsusluğunu sübuta yetirməsini yüksək qiymətləndirdi.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa bildirdi ki, “Xəttin şifrəsi” kitabında xalça sənətimizlə etnoqrafiyamızın ayrılmaz tellər kimi bir-birinə bağlılığı zəngin illüstrativ nümunələrlə təsdiq olunur. Bu nümunələrin əsas qismi Milli Xalça Muzeyinin eksponatlarından ibarətdir. Müəllif xətt anlayışının fəlsəfi məqamlarını, inanclardan qaynaqlanan rəmzlərini, qədim palazlarımızda, xalçalarımızda və bu kimi digər nümunələrdə göstərməklə milli mədəni irsimizin zənginliyinə də diqqəti yönəldib.
Kitabın rəyçisi, Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Dövlət Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev müəllifi təbrik edərək bildirdilər ki, ilk cilddə müəllif nöqtədən xəttə, xətdən kompozisiyaya qədərki məqamlara diqqət çəkib.
Xalq rəssamı Aydın Rəcəbov, millət vəkili Sabir Rüstəmxanlı, professor Qəzənfər Paşayev, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev kitabın əhəmiyyətini vurğuladılar. Qeyd olundu ki, kitab müəllifin böyük zəhməti və geniş tədqiqatçılıq təcrübəsi sayəsində ərsəyə gəlib. Əsrlərlə Azərbaycanın mədəni irsini zənginləşdirən bu sənətin əlifbası xalqımızın tarixini, dünyagörüşünü, həyat fəlsəfəsini özündə əks etdirən naxışdır. Təbiətin ünsürlərini, canlı və cansız varlıqlarını ifadə edən təsvir növü kimi naxış sənəti stilizənin ən mücərrəd təzahürüdür. “Xəttin şifrəsi” kitabı gələcək tədqiqatçılar üçün dəyərli mənbə rolunu oynayacaq.
Sonda çıxış edən müəllif, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov qonaqlara və kitabın ərsəyə gəlməsinə dəstək olan qurumlara minnətdarlığını bildirdi.
Lalə Azəri