Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd rayonuna səfər ediblər.
Dövlətimizin başçısı və birinci xanım rayonun Qırmızı Bazar qəsəbəsində olublar.
Qəsəbə 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində qəsəbə separatçılardan təmizlənib.
Qırmızı Bazar Xocavənd rayonunun iki qəsəbəsindən (Hadrut qəsəbəsi ilə) biridir və olduqca əlverişli strateji mövqedə, mühüm yolların kəsişməsində yerləşir. Qırmızı Bazara 1947-ci ildə qəsəbə statusu verilib.
Qəsəbənin ərazisi təbii sərvətlər, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. İşğaldan əvvəl qəsəbədə gövdəsinin diametri 600 santimetr, hündürlüyü 25 metr, yaşları min və iki min il olan iki Şərq çinarı qədim təbiət abidəsi kimi qorunurdu. Qəsəbə kənd təsərrüfatı və turizm potensialına malikdir.
***
Xocavənd rayonunun Şıx Dursun kəndinə gələn dövlətimizin başçısı və birinci xanım buradakı “Çinar müqəddəs yer” təbii abidəsinə baxış keçiriblər.
Qeyd edək ki, Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsinə daxil olan Şıx Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.
Kənddə 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar nəinki Azərbaycanın, dünyanın ən yaşlı ağaclarından sayılır. Ağacın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir.
***
Dekabrın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonuna səfər ediblər.
Dövlətimizin başçısı və birinci xanım rayonun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər.
1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilən kənd üç ay öncə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.
Bəzi tədqiqatlara görə, burada eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfalar məskunlaşıb. Kəndin ərazisi turizm və kənd təsərrüfatı potensialına malikdir.
Prezident İlham Əliyev Xocalı rayonunun Dağdağan kəndində də olub. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən kənd bu il sentyabrın 19-20-də separatçılardan təmizlənib.