Və topların susduğu azad torpaqda topa vurulan ilk zərbə...

 

2023-cü ilin 21 dekabrı ən yeni tariximizin əlamətdar günlərindən biri kimi təqvimə düşdü. Həmin gün xalqımız və bizimlə bərabər bu regionda gözü, marağı, diqqəti olan hər kəs tarixi hadisəyə şahidlik etdi.

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu Xankəndi stadionunda keçirildi.  Bu, işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra keçirilən və televiziya ilə canlı yayımlanan ilk futbol matçı, kütləvi idman yarışı idi. Bir qədər də dəqiqləşdirməli olsaq, burada, o vaxt daşnak töküntüsü “komissar”ın adını daşıyan şəhərin stadionunda azərbaycanlı azarkeşlər futbol oyununu axırıncı dəfə 36 il öncə, 1987-ci ildə izləmişdilər.

1988-ci ilin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində Dağlıq Qarabağda erməni separatizmi başlamışdı. Ardınca bölgədəki azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə, sonra da Azərbaycana qarşı açıq işğalçılıq müharibəsi...

32 il əvvəl bu günlər – 1991-ci ilin dekabr ayının sonlarında Xankəndi şəhərindəki sonuncu azərbaycanlı ailələr ermənilər tərəfindən qovulmuş, azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə başa çatmışdı...

Amma tarixi ədalət, gec də olsa, təcəlli etdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və üç il sonra 2023-cü ilin 23 saatlıq (19-20 sentyabr) əməliyyatı ilə Azərbaycanın külli – Qarabağda suverenliyi tam və qəti şəkildə bərqərar oldu.

Və üç ay sonra “Qarabağ” Xankəndidə meydançaya çıxdı. Top mərkəzdədir və ilk zərbəni müzəffər Ali Baş Komandan vuracaq...

***

Amma öncə tarixin yaddaşına yazılacaq təbrik nitqi.

– Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!

İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu gün qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvləri bizim yanımızdadır. Gəlin, hamımız birlikdə onları salamlayaq.

Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.

Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.

Biz – bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.

Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması, təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu–Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.

Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!

İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl – İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl – sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik.

Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!

***

Sonra Ulu öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olundu.

Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşdü, onlarla xatirə şəkli çəkdirdi.

İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ”–MOİK görüşü başladı.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatdı. “Qarabağ”ın azad torpaqda ilk qolu və qələbəsi, əslində, rəmzi olaraq bütövlükdə Azərbaycanın aktivinə yazıldı...

Vüqar Orxan