Dekabrın 21-də Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalının növbəti dayanacağı Sumqayıt şəhəri oldu. Şəhərin “Kimyaçı” Mədəniyyət Sarayında Azərbaycan Milli Konservatoriyası nəzdindəki Sumqayıt Musiqi Kollecinin müəllim və tələbələrinin konserti keçirildi.

Unudulmaz opera ifaçısı, SSRİ Xalq artisti, görkəmli pedaqoq Şövkət Məmmədovanın (1897 – 1981) əziz xatirəsinə həsr olunmuş konsertdə kollecin “Vio Çello” kamera orkestri çıxış edirdi. Əməkdar müəllim Firəngiz Xəlilovanın idarə etdiyi orkestr konsertə J.Bizenin “Karmen” operasının uvertürası ilə başladı. Könül Bəkirova və Şəms Əliyevanın bədii rəhbər olduğu orkestrin müşayiəti ilə konsertdə Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri, operalardan ariyalar səsləndi.

Musiqi axşamında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc solistləri Fəhmin Əhmədli, Zümrüd Davudova və Rza Xosrovzadə (dəvətli solist), gənc vokalçılar Taleh Rəsulov, Lalə Əliyeva, Vəfa Cəfərova, Ağadadaş Mehdizadə çıxış etdilər.

Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasının son pərdəsindən rəqs və bütün iştirakçıların ifasında xorla başa çatdı.

Gülcahan