Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı kəndində olub. Dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib. Dağətəyi ərazidə yerləşən yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salıblar.

Prezident Xocalı rayonunun Pircamal kəndinin ərazisinə baxış keçirib. Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal piri ilə bağlıdır. Tarixi mənbələrə görə, bu yaşayış məntəqəsini qədim Beyləqandan köçüb gəlmiş ailələr salıblar.

Dövlətimizin başçısı Xocalı rayonunun Xanabad kəndində olub. Xanabad qədim yaşayış məskənlərindən biri kimi tanınır. 1990-cı ildə kənddə inşaat işləri zamanı aşkar edilən qədim qəbirdə XII—XI əsrlərə aid qədim döyüş və məişət əşyaları tapılıb.

1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən hər üç kənd bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Prezident dekabrın 22-də Xocalı rayonunun Pirlər kəndində də olub. Yaşayış məntəqəsi kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malikdir.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Pirlər kəndi də Azərbaycan Ordusunun cari il sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.