Azərbaycan mədəniyyətinə itki üz verib. Əməkdar mədəniyyət işçisi, uzun illər Heydər Əliyev Sarayının baş rejissoru olmuş Gülçöhrə Şəfiyeva 2023-cü il dekabrın 23-də, 74 yaşında vəfat edib.
Gülçöhrə Məmməd qızı Şəfiyeva 17 mart 1949-cu ildə Bakıda anadan olub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirib. Mədəniyyət Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb.
1994-cü ildən 2018-ci ilədək Heydər Əliyev Sarayının baş rejissoru vəzifəsində işləyib. Müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərinin, mədəni irsimizi təbliğ edən tədbirlərin, görkəmli sənətkarların yubiley mərasimlərinin quruluşçu rejissoru olub.
Dəfələrlə Prezident mükafatına layiq görülüb. 2018-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Gülçöhrə Şəfiyeva tanınmış sirk ustası, bir sıra filmlərdə yaddaqalan rollar oynamış Əməkdar incəsənət xadimi Səyavuş Şəfiyevin bacısı idi.
Uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkən Gülçöhrə Şəfiyeva 2018-ci ildə ürək əməliyyatı keçirmişdi, bir neçə ay öncə isə ayağı amputasiya olunmuşdu.
Allah rəhmət eləsin.