Dekabrın 22-də AMEA-da “Akademiyada Qərbi Azərbaycan tədqiqatları: ilkin yekunlar və vəzifələr” mövzusunda elmi konfrans keçirilib.
Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dövlətimizin başçısının 2022-ci ilin dekabrında Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşünü xatırladıb, öz tarixi dədə-baba yurdlarından qovularaq deportasiyaya və soyqırımına məruz qalmış soydaşlarımızın son 200 illik tarixi üzrə tədqiqatların aparılması və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması üzrə müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, ötən bir il ərzində Qərbi Azərbaycan İcması Azərbaycan Prezidentinin qarşıya qoyduğu tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib, bir çox beynəlxalq sənədlərin qəbul edilməsinə, BMT, UNESCO və digər beynəlxalq təşkilatların Qərbi Azərbaycanla bağlı məsələlərə reaksiya verməsinə nail olunub.
Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə alimlərimiz, ziyalılarımız qarşısında qoyduğu tapşırıqların həyata keçirilməsi məqsədilə AMEA-da da önəmli addımların atıldığını deyən İsa Həbibbəyli Rəyasət Heyətinin qərarı ilə Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda isə Toponimika şöbəsinin yaradıldığını vurğulayıb. Bildirib ki, ötən bir il ərzində şöbələrin əməli fəaliyyəti üçün zəruri dəstək verilib və qısa müddət ərzində fundamental tədqiqatlar aparılaraq Qərbi Azərbaycanda soydaşlarımızın yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması istiqamətində önəmli nəticələr əldə edilib.
“Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsi “Xalq qəzeti” ilə Qərbi Azərbaycandakı yer adları və soydaşlarımızın deportasiyaya məruz qalması ilə bağlı ictimai müzakirələr təşkil edib. Dilçilik İnstitutunun Toponimika şöbəsi “Qərbi Azərbaycan toponimlərinin leksik-semantik xüsusiyyətləri” kitabını ərsəyə gətirib. Hazırda “Qərbi Azərbaycan dialektoloji atlası”nın hazırlanması üzrə işlər davam etdirilir. Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsində hazırlanmış “Qərbi Azərbaycan folklor örnəkləri” toplusu çap mərhələsindədir”, - deyə akademik İsa Həbibbəyli bildirib.
Bundan əlavə, AMEA-da və ölkənin digər elmi qurumlarında Qərbi Azərbaycanla bağlı aparılan elmi tədqiqatların daha sistemli və inteqrativ şəkildə təşkili məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasında Qərbi Azərbaycanla bağlı tədqiqatlar üzrə Əlaqələndirmə Şurasının yaradıldığını diqqətə çatdırıb. Eyni zamanda, Qeydiyyat şöbəsində və konsulluq idarəsində, vətəndaşlıq aktlarının, icra hakimiyyəti nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölüm hallarının dövlət qeydiyyatı aparılarkən Ermənistandakı yer adlarının Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq yazılmasının təmin edilməsi üçün akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə komissiyanın yaradıldığını xatırladıb.
AMEA Rəyasət Heyətinin qərarı ilə akademiyada “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlandığını deyən akademik İsa Həbibbəyli professor Kərim Şükürovun sədrliyi ilə yaradılmış İşçi qrupu tərəfindən ensiklopediyanın sözlüyünün müzakirə olunduğunu, tezliklə Rəyasət Heyətinin iclasında müzakirə edilərək təsdiqlənəcəyini bildirib.
Sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov “Qərbi Azərbaycan tarixi elmi tədqiqatlarda” mövzusunda çıxış edib. Bildirib ki, 2023-cü ildə şöbədə “Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası: XIX-XX əsrlər (arxiv sənədləri)”, “Qərbi Azərbaycanın tarixi atlası”nın hazırlanması, “Qərbi Azərbaycan tarixinə dair mənbələr”, “Qərbi Azərbaycan tarixi (Azərbaycan tarixi kontekstində)” mövzuları və fərdi planlar üzrə işlər yerinə yetirilib. Belə ki, “Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası: XIX-XX əsrlər (arxiv sənədləri)”, “Qərbi Azərbaycan tarixinə dair mənbələr” mövzuları üzrə materiallar toplanıb, “Qərbi Azərbaycan tarixi atlası”nın strukturunun ilk variantı hazırlanaraq tərtib edilib, eləcə də “Qərbi Azərbaycan tarixinin tarixşünaslığı” adlı mətnin ilk variantı hazırlanıb, həmçinin bir sıra məqalələr çap olunub.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Elçin İsmayılov “Qərbi Azərbaycan toponimlərinin elmi təsnifatı” mövzusunda məruzəsində bildirib ki, Qərbi Azərbaycanda mövcud olan toponimlərin mütləq əksəriyyəti türk mənşəlidirlər.
“Daha qədim dövrlərə getdikdə isə qeyri-türk mənşəli toponimlərə heç rast gəlmək olmur. Səfəvi dövründə mövcud olmuş 1500-ə yaxın toponimin aid olduğu məkanlardan bu və ya digər tarixi səbəblərdən 1000-ə yaxını xaraba qalıb. Bu kəndlərin dağıntıları, ya da sadəcə olaraq adları günümüzə qədər gəlib çıxıb. Hazırda qorunub saxlanan bu adların biri belə erməni dilində deyil. Ermənilərin mövcud olmayan yaşayış məntəqələrinin adlarını dəyişdirməsi mümkün olmadığına görə, bu həqiqət bariz şəkildə üzə çıxıb. Biz Toponimika şöbəsi olaraq Qərbi Azərbaycan toponimlərini leksik-semantik və morfoloji nöqteyi-nəzərdən tədqiqata cəlb etdikdə görürük ki, bu onomastik vahidlərin hər birinin leksik məzmunu anlaşılandır və məzmun müasir Azərbaycan dili ilə tam səsləşməkdədir”, - deyə Elçin İsmayılov bildirib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, AMEA-nın Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri filologiya elmləri doktoru Əziz Ələkbərli “Qərbi Azərbaycan folklorunda tarixilik” mövzusunda çıxışında İcmanın geniş təşkilatlanma prosesində olduğunu, rayon və kəndlərdə nümayəndəliklərinin yaradılmaq üzrə olduğunu deyib. Qeyd edib ki, həyata keçirilən bu işlər Qərbi Azərbaycan üzrə toponimlərin, xüsusilə mikrotoponimlərin toplanılması prosesinə mühüm töhfə verəcək. Qərbi Azərbaycan folkloru şöbəsində həyata keçirilən işləri diqqətə çatdıran Ə.Ələkbərli ikicildlik “Qərbi Azərbaycan folklor örnəkləri” üçün materialların toplandığını, bu mövzuda iki elmlər doktorluğu mövzusunun götürüldüyünü bildirib. O, Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatlar üzrə şifahi və erməni mənbələri üzərində də işləməyin vacibliyinə toxunub.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi aqrar elmlər doktoru Yasin Kərimov “Azərbaycanın tarixi torpaqlarındakı yaşayış məntəqələri adlarının rəsmi sənədlərlə saxtalaşdırılması” mövzusunda məruzə ilə çıxış edib. O, Qərbi Azərbaycanda azərbaycanlılara məxsus yer adlarının ermənilər tərəfindən saxtalaşdırılmasını rəsmi sənədlər əsasında konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Müzakirələr zamanı AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev çıxış edərək Qərbi Azərbaycan ərazisi ilə bağlı olan toponimik vahidləri, bu adlarla bağlı çoxparametrli məlumatları özündə əks etdirən Qərbi Azərbaycan Toponimik vahidlərinin Geoinformasiya Sisteminin yaradılmasını təklif edib. Eyni zamanda, alim internet üzərindən axtarış edilməsini asanlaşdırmaq məqsədilə Qərbi Azərbaycan ərazisi ilə bağlı olan toponimik vahidlərin zaman zənciri üzrə dinamikasının müəyyənləşdirilməsi, müxtəlif tarixi mərhələlərdə dəyişdirilən adların hazırkı Ermənistan Respublikasındakı adlarını da özündə ehtiva edən keçid cədvəlinin hazırlanmasının zəruriliyini qeyd edib.
Konfransda, həmçinin akademiklər Arif Həşimov, Gövhər Baxşəliyeva, professorlar Nadir Məmmədli və Məmməd Əliyev sual və təkliflərini səsləndirib, çıxışlar ətrafında fikirlərini bildiriblər.