Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və “Azərbaycan dili xalqları birləşdirən ünsiyyət vasitəsi kimi” adlı esse müsabiqəsinin yekununa həsr olunmuş onlayn beynəlxalq tədbir keçirilib.
Mərkəzdən bildirilib ki, Azərbaycan dilinin qorunması, dünya miqyasında təbliği istiqamətində cari ildə görülmüş işlərin müzakirəsi ilə bağlı keçirilən tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri Xıdır Kazımov, Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini Cavid İsmayıl, Türkiyə, ABŞ, Kanada, Çin, Almaniya, Böyük Britaniya, Fransa, Niderland, Bolqarıstan, Norveç, İsveç, Finlandiya, Yunanıstan, Qazaxıstan, Misir və Omanda yaşayan və müxtəlif qurumlarda çalışan soydaşlarımız, münsiflər heyətinin üzvləri, esse müəllifləri və Mərkəzin əməkdaşları iştirak ediblər.
Tədbiri açan Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili sevgisindən, Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması, inkişafı və zənginləşməsi istiqamətində imzaladığı fərman və sərəncamların əhəmiyyətindən danışan professor Sevinc Əliyeva dominant dillərin təsirinə baxmayaraq, yaşadıqları ölkələrdə öz ana dilini, mədəniyyətini yaşadan və təbliğ edən soydaşlarımızın fəaliyyətini yüksək qiymətləndirib. Professor 2023-cü ildə işgüzar səfərdə olduğu ölkələrdə (Türkiyə, Yunanıstan, Bolqarıstan, Qırğızıstan, Çin, Özbəkistan, Şimali Kipr Türk Respublikası) Azərbaycan dilinin tədrisi və təbliği sahəsində görülən işləri müsbət dəyərləndirib, həmvətənlərimizin olduğu bütün ölkələrdə həftəsonu məktəblərinin təşkilinin vacibliyini vurğulayıb.
Qonaqlar Monitorinq Mərkəzinin genişmiqyaslı fəaliyyətindən bəhs edib, Azərbaycan dilinin qorunması istiqamətində aparılan işləri müsbət qiymətləndirməklə bu şərəfli işdə hər bir azərbaycanlının fəal olmasının zəruriliyini vurğulayıblar.
Tədbirdə, həmçinin “Azərbaycan dili xalqları birləşdirən ünsiyyət vasitəsi kimi” adlı esse müsabiqəsinin nəticələri açıqlanıb. Qaliblər fəxri fərmanlarla təltif edilmiş, ilk onluğa düşən digər iştirakçıların adları elan olunub.