Məşhur bəstəkar Murad Kajlayev dünyadan köçdü...
Dağıstanın, Rusiya Federasiyasının və keçmiş SSRİ-nin Xalq artisti, məşhur bəstəkar, dirijor, pedaqoq Murad Kajlayev dekabrın 23-də, ömrünün 93-cü ilində vəfat edib.
Azərbaycanda doğulan və musiqi təhsili alan Murad Kajlayev burada yaşadığı illəri hər zaman xoş xatirələrlə, minnətdarlıqla yada salırdı...
Murad Kajlayev 1931-ci il yanvarın 15-də Bakıda, əslən Dağıstanın Lak rayonunun Kumux kəndindən olan həkimlər Maqomed və Yelena Kajlayevlərin ailəsində dünyaya gəmişdi. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası) ali təhsil almış, peşəkar musiqidə ilk nailiyyətini də burada qazanmışdı. Sonra sənət ömrünü əcdadlarının vətəninə həsr etdi, o cümlədən Dağıstanın ilk milli baletinin (“Dağlı qızı”) müəllifi oldu.
Bəstəkar Mahaçqalaya köçdükdən (1955) sonra orada musiqidən dərs (P.Çaykovski adına Musiqi məktəbi) deyib, Dağıstan Radiosu Simfonik orkestrinin baş dirijoru, Dağıstan Dövlət Filarmoniyasının bədii rəhbəri olub, özünün yaratdığı “Qunib” ansamblına rəhbərlik edib.
Daha sonra Moskvaya dəvət olunub, 1989-cu ildən 2007-ci ilədək Mərkəzi (Rusiya) Televiziya və Radiosunun Akademik orkestrinə rəhbərlik edib. Ömrünün ahıl çağında vətəni Dağıstana qayıdıb. 2008-ci ildə Mahaçqalada özünün incəsənət məktəbini yaradıb.
Maestro dünyanın müxtəlif şəhərlərində konsert proqramlarında iştirak edib. 2014-cü ildə gəncliyinin şəhəri Bakıda – Azərbaycan Dövlət Filarmoniyasında yaponiyalı pianoçu Çisato Kusunoki ilə birgə konsert proqramı verib.
Sənətkar 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeninə layiq görülüb.
2018-ci il sentyabrın 21-də Heydər Əliyev Sarayında Murad Kajlayevin müəllif gecəsi keçirilib. “Professional səhnədə ilk əsərim 68 il əvvəl – 12 yanvar 1950-ci ildə Bakıda səslənib. Gəncliyimi, unudulmaz pedaqoq və valideynlərimi qaytara bilməsəm də, musiqi daim gənc və əbədiyaşardır. Qismətimə Azərbaycanda doğulmaq, burada təhsil almaq xoşbəxtliyi nəsib olub. Təhsilimi bitirdikdən sonra ata və babalarımın vətəni olan Dağıstana dönüb orada respublikanın musiqisinə öz töhfələrimi verməkdə davam etdim. Bugünkü konsertim doğma Azərbaycana minnətdarlıq işarəsidir”, – deyə o, müəllif gecəsində bildirmişdi.
M.Kajlayevin əsərləri arasında Azərbaycan motivli nümunələr də var. Onun “Bakı haqqında xatirələr” əsəri ilk dəfə Niyazinin dirijorluğu ilə 1956-cı ildə Dağıstanda ifa edilib. 1980-ci ildə bəstəkar Nizaminin “Xosrov və Şirin” poemasının motivləri üzrə “Simfonik freskalar”ı ərsəyə gətirib.
Bəstəkar, həmçinin kinorejissor, SSRİ Xalq artisti Əjdər İbrahimovun türk şairi və dramaturqu Nazim Hikmətin əsərləri əsasında çəkdiyi "Məhəbbətim mənim, kədərim mənim" (“Mosfilm”, 1978), "Qəribə adam" ("Azərbaycanfilm", 1979) bədii filmlərinə musiqi yazıb.
Dərbənddəki Azərbaycan Dram Teatrı da Murad Kajlayevin yaradıcılığına müraciət edib. 2022-ci ildə teatrda bəstəkarın “Validə” operettası səhnəyə qoyulub. Tamaşaya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib. Bəstəkar operettanı həyat yoldaşı Validə Kajlayevaya (2022-ci ildə dünyasını dəyişib) həsr etmişdi...
V.Orxan