“İRS” jurnalının italyan dilində növbəti nömrəsi işıq üzü görüb.
Jurnalın yeni nömrəsində bu il dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyi bildirilir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin müstəqilliyini bərpa etməsi, suverenliyini möhkəmləndirməsi və beynəlxalq arenada rolunun artması istiqamətindəki misilsiz xidmətləri qeyd olunur.
Jurnalda ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovun Azərbaycan-Vatikan əlaqələrindən bəhs edən məqaləsi dərc olunub. Yazıda Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətlərinin qarşılıqlı hörmətə, dialoqa, birgə əməkdaşlığa və ortaq maraqlara əsaslandığı vurğulanır.
İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Marko Skurrianın məqaləsində isə iki ölkənin çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərinin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasın istiqamətində həyata keçirdiyi layihələrin, o cümlədən TAP boru kəmərinin əhəmiyyətinə diqqət çəkilir. İtaliya-Azərbaycan əlaqələrinin inkişafından və strateji əməkdaşlığın nəticəsi olaraq müxtəlif sektorlar üzrə əldə edilən uğurlardan, çoxsaylı İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən azad edilmiş ərazilərin yenidən qurulması layihələrinə cəlb olunmasından bəhs edilir.
Bundan başqa, jurnalda Ermənistandan zorla köçürülmüş azərbaycanlıların qayıdış hüququndan və Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki mina problemindən bəhs edən məqalələr yer alıb.
Həmçinin Naxçıvanın şəhərləri və qalaları, Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Çotari Alban-Udi kilsəsi, eləcə də Azərbaycan tarixinə alim və pedaqoq, şair və musiqişünas, rəssam və xəttat kimi daxil olmuş Mir Möhsün Nəvvab haqqında ətraflı məlumat verilir.