Şanlı Azərbaycan Ordusu tərəfindən bu ilin 19-20 sentyabr tarixlərində Qarabağda  keçirilən lokal antiterror tədbirləri zamanı yağı düşmənin bütün məkrli planlarının üstündən xətt çəkildi. Əzəli yurdumuz Qarabağ eli separatçılardan tamamilə təmizləndi. Ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, suverenliyi də tam bərpa olundu. 

Həmin döyüşlərdə 200-dək Vətən oğlu böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı. Onlardan biri də gizir Yusif Xəlilovdur.
Bu günlərdə Y.Xəlilovun məzun olduğu Lənkəranın Veravul kənd tam orta məktəbində onun xatirə lövhəsinin açılış mərasimi keçirilib. Tədbirdə şəhidin ailə üzvləri və təhsil ocağının kollektivi iştirak ediblər.

Şəhid gizirin sinif rəhbəri olmuş Ayaz Nəhmətov şagirdi ilə bağlı xatirələrini bölüşüb. Deyib ki, Yusifin adı məktəbdə sinif otağında yaşadılır.

Daha sonra həmin sinif otağında şagirdlərlə vətənsevərlik mövzusunda söhbət aparılıb. Tarix müəllimi Hikmət Məmmədov və Yusifin həyat yoldaşı Gülnar xanım onun Vətənə olan sevgisindən, xidmətdə olduğu 18 ildə qazandığı uğurlardan söz açıblar. Şəhidin həyat yoldaşı xatirə lövhəsini ərsəyə gətirən usta Mahir Quliyevə minnətdarlığını bildirib.

Sonda məktəblilərin ifasında vətənpərvərlik ruhlu şeirlər səsləndirib.

Qeyd edək ki, Yusif Məmmədrza oğlu Xəlilov 30 aprel 1983-cü ildə Lənkəran rayonunun Veravul kəndində dünyaya göz açıb.

18 il orduda xidmət edən Y.Xəlilov 2016-cı ilin Aprel döyüşlərində iştirak edərək ağır yaralanıb. Sağaldıqdan sonra tank komandiri kimi yenidən Vətəninin keşiyində durub. Lokal antiterror əməliyyatına qoşulan igid döyüşçü son damla qanına qədər vuruşaraq  əbədiyyətə qovuşub. Doğulub boya-başa çatdığı Veravul kəndində torpağa tapşırılıb. Qəhrəman şəhiddən iki qız övladı Vətənə əmanət qalıb.

Allah rəhmət eləsin.

Zəfər Orucoğlu
Lerik