Vətən müharibəsi şəhidi haqqında nəşr kitabxanaya təqdim olunub

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsinə gənc yazar Nəzakət Quluqızı da qoşulub.

Müəllif  44 günlük Vətən müharibəsinin Nefçaladan olan ilk şəhidi Ayaz İmanzadə haqqında qələmə aldığı “Onu belə xatırlayıram” kitabını kitabxanaya hədiyyə edib.

On bölmədən ibarət kitabda “Yenə qayıdacağam” hekayəsində şəhid leytenant A.İmanzadənin ömür yolundan, igidliyindən bəhs olunur. Adıçəkilən hekayə və “Yenə qayıdacağam...” oçerki A.İmanzadənin ömür-gün yoldaşı Gülşən İmanzadənin xatirələri əsasında qələmə alınıb.

Nəşrin “Poetik düşüncələr” bölümündə şəhid qəhrəmanın kursant olduğu dövrdə qələmə aldığı bir neçə şeiri təqdim olunub.

Oxucular kitabla Yasamal rayon MKS-nin kitabxanalarında tanış ola bilərlər.

Kitab haqqında qısa məlumat aşağıdakı keçiddə verilib: https://drive.google.com/file/d/1VnreCEixazbS2fUf9RWKpvgdbjr3zwuZ/view

Qeyd edək ki, Ayaz Daşqın oğlu İmanzadə 1996-cı ilin 3 dekabrında Neftçala şəhərində anadan olub. Vətən müharibəsi zamanı oktyabrın 2-də Füzuli istiqamətində döyüşlərdə şəhadətə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda”, Füzuli, Xocavənd və Şuşanın azad olunmasına görə medallarına layiq görülüb.