Dövlət Turizm Agentliyi (DTA) tərəfindən 25-26 dekabr tarixlərində Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində tədbirlərin davamı olaraq media və turizm sənayesi nümayəndələri üçün Naxçıvan Muxtar Respublikasına (MR) “Ulu öndər Heydər Əliyevin izi ilə” adlı tur təşkil edilib.

Turun təqdimatında çıxış edən DTA sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanda turizm sahəsinin təşəkkülü və inkişafında Ulu öndər Heydər Əliyevin xüsusi rolu olduğunu və bu sahədə dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib.

Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR-də Səlahiyyətli Nümayəndəliyinin əməkdaşı Pənah Mehdiyev çıxışında Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti və muxtar respublikanın inkişafı istiqamətində gördüyü işlərdən bəhs edib.

Naxçıvan MR Turizm Departamentinin direktoru Əkbər Novruzov “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda turizmin prioritet sahələrdən biri olduğunu qeyd edib.

Media və sənaye nümayəndələri üçün Ümummilli liderin təşəbbüsü ilə 1982-ci ildə nəşi Sibirdən gətirilərək doğma vətənində dəfn edilən şair-dramaturq Hüseyn Cavid məqbərəsinə, hazırda Bəhruz Kəngərli Muzeyi kimi fəaliyyət göstərən, Heydər Əliyevin 1938-1939-cu illərdə təhsil aldığı Pedaqoji Texnikumun binasına, Naxçıvan Turizm İnformasiya Mərkəzi kimi fəaliyyət göstərən, Ümummilli liderin 1930-cu illərdə şahmat, musiqi və dram dərnəklərinin üzvü olduğu Naxçıvan şəhər Pionerlər evinin binasına, Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə abadlıq və yenidənqurma işlərinin aparıldığı “Əshabi-Kəhf” dini-mədəni abidə kompleksinə, “Xan Sarayı” tarix-memarlıq, Möminə xatın və açıq səma altında muzey kompleksinə, Naxçıvan Dövlət Milli Dram Teatrına tanışlıq turu təşkil edilib.

İkigünlük proqram həmçinin Heydər Əliyev Muzeyi, “Əlincəqala” tarixi abidəsi, “Qeysəriyyə” binası və Ordubad Cümə məscidi də daxil olmaqla Naxçıvan, Culfa və Ordubad şəhərlərindəki əsas tarixi məkanları əhatə edib.