Milli Azərbaycan Tarixi Muzeyində görkəmli tarixçi və şərqşünas-alim, ictimai xadim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadova (1923–1997) aid materiallar əsasında hazırlanan kataloq nəşr olunub. Dekabrın 22-də “Akademik Ziya Bünyadov –100” adlı kataloqun təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə muzeyin direktoru akademik Nailə Vəlixanlı açaraq qeyd etdi ki, tariximizin dərindən, obyektiv araşdırılaraq gələcək nəsillərə çatdırılması Ziya Bünyadovun elmi fəaliyyətinin başlıca qayəsi olub.

Kataloqun tərtibçisi – muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov diqqətə çatdırdı ki, Ziya Bünyadovun əşyaları fonda ilk dəfə 1968-ci ildə özü tərəfindən təqdim edilib. Bunlar Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadova “Lenin” ordeni və “Qızıl ulduz” medalının təqdim edildiyi fotoşəkil, İ.Stalinin Berlin şəhərinin alınmasına görə kapitan Z.Bünyadovun da tərkibində döyüşdüyü hərbi birləşməyə təşəkkür elan etməsini bildirən sənəd və Z.Bünyadovun müharibə vaxtı istifadə etdiyi planşetdir. Alimin ölümündən sonra ona məxsus əşyalar ailəsi tərəfindən muzeyə hədiyyə edilib.

Tədbirdə daha sonra AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva, professorlar Şahin Fərzəliyev, Solmaz Rüstəmova-Tohidi, Hidayət Cəfərov, Özbəkistandan qonaqlar – professorlar Həmidulla Baltaboyev, Gulnaz Xalliyeva və Z.Bünyadovun ailə üzvlərindən Zenfira Qurbanova çıxış etdilər. Z.Bünyadovun ictimai-siyasi fəaliyyətindən, zəngin elmi irsindən söz açıldı.

Akademikin nəvəsi İsa Bünyadov kataloqun ərsəyə gəlməsində əməyi olan hər kəsə və tədbir iştirakçılarına ailələri adından təşəkkürünü bildirdi.

Çıxışlardan sonra tədbir iştirakçıları şərqşünas-alimlə bağlı muzeydə qorunan kolleksiya ilə tanış oldular.

Savalan